Vaqif Poeziya Günləri başlayıb - Fotolar - Yenilənib

vaqif-poeziya-gunleri-baslayib
Oxunma sayı: 625

Azərbaycan Mədəniyyət Nazirliyi və Heydər Əliyev Fondunun birgə təşkil etdiyi növbəti Vaqif Poeziya Günləri iyulun 16-da Qazaxda, böyük şairin doğma yurdunda başlanıb.

“Qafqazinfo” xəbər verir ki, “Sözün hekayəsi” şüarı ilə keçirilən tədbirlər proqramı Azərbaycan poeziyasının görkəmli nümayəndəsi, şair və dövlət xadimi Molla Pənah Vaqif irsinin yaşadılması, milli ədəbi dəyərlərin qorunması, eləcə də müasir ədəbi proseslərin inkişafına töhfə vermək məqsədi daşıyır.

Tədbir iştirakçıları əvvəlcə Qazax şəhərinin mərkəzində Fəxri Qazaxlılar parkında Molla Pənah Vaqifin və Molla Vəli Vidadinin heykəli önünə gül dəstələri düzərək dahi şairlərin əziz xatirəsini ehtiramla yad ediblər.

Tədbirin aparıcısı, Azərbaycan Yazıçılar Birliyi (AYB) Qazax bölməsinin sədri, şair Barat Vüsal Vaqif Poeziya Günlərinin əsasının Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə 1982-ci ildə Şuşada qoyulduğunu bildirib. Qeyd edib ki, məhz həmin tarixdə Ulu Öndərin iştirakı ilə Molla Pənah Vaqifin məqbərəsi və Poeziya Evi açılıb, Vaqif Poeziya Günlərinin keçirilməsinə qərar verilib. 

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov poeziya bayramının əhəmiyyətini vurğulayıb.

Mədəniyyət nazirinin müavini Fərid Cəfərov M.P.Vaqifin yaradıcılığından, Azərbaycan ədəbiyyatına bəxş etdiyi söz incilərindən bəhs edib. O, Vaqif Poeziya Günlərinin şairin doğma yurdunda və Şuşada keçirilməsinin təsadüf olmadığını deyib. Nazir müavini çıxışında Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad olunmuş torpaqlarımızda aparılan bərpa-quruculuq işlərindən, mədəni irsimizin, mədəniyyət ocaqlarının bərpası istiqamətində həyata keçirilən tədbirlərdən də söz açıb.

AYB-nin yaradıcılıq məsələləri üzrə katibi İlqar Fəhmi bildirib ki, Vaqif Poeziya Günlərinin keçirilməsində məqsəd təkcə şeirlər səsləndirmək deyil, eyni zamanda, şairin yaradıcılığına qayıtmaq, öyrənmək, onu gələcək nəsillərə tanıtmaq və ötürməkdir.

Ağstafada “Hüseyn Arif ədəbi məclisi”nin rəhbəri, şair Saqif Qaratorpaq, AYB üzvü, şair Rəfail İncəyurd çıxış ediblər.

Sonra tədbir bədii hissə ilə davam etdirilib.

Qeyd edək ki, zəngin proqramı olan Vaqif Poeziya Günlərinin rəsmi açılış mərasimi bu gün Şuşada dahi şairin məqbərə kompleksinin önündə keçiriləcək.

***

Bu gün Şuşada Vaqif Poeziya Günləri çərçivəsində Aşıq Ələsgərin vəfatının 100 illiyinə həsr olunmuş “Sözün aşığı – Sazın aşığı” adlı tədbir təşkil edilib.

“Qarabağ” hotelinin qarşısında keçirilən tədbirdə Aşıq Ələsgərin zəngin yaradıcılığı, Azərbaycan aşıq sənətinin inkişafındakı rolu və milli-mənəvi irsimizə verdiyi töhfələrdən bəhs edilib. Bildirilib ki, sənətkarın irsi bu gün də öz aktuallığını qoruyur, onun poeziyası və saz sənəti yeni nəsillər üçün dəyərli mənəvi mənbə olaraq yaşayır.

Çıxışlarda Aşıq Ələsgərin yaradıcılığının türk dünyasının ortaq mədəni irsinin mühüm tərkib hissəsi olduğu vurğulanıb. Tədbir bədii hissə ilə davam edib.

***

Şuşada Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən Vaqif Poeziya Günləri davam edir.

Mədəniyyət Nazirliyinin Azərbaycan dili və ədəbiyyatı siyasəti şöbəsinin müdiri Vasif Qurbanzadə bildirib ki, ənənəvi olaraq tədbirlər bu il də Molla Pənah Vaqifin doğulduğu Qazax rayonundan başlayaraq Şuşada davam etdirilir.

“Bu gün proqram çərçivəsində Aşıq Ələsgərin vəfatının 100 illiyinə həsr olunmuş “Sözün aşığı – Sazın aşığı” tədbiri keçirilir. Ardınca isə Mehmandarovların malikanəsində Xaqani Şirvaninin 900 illiyinə həsr olunan “Sözün Xaqanı – Xəlqaniyəm, Xəlqani” adlı elmi konfrans təşkil olunacaq”. 

V.Qurbanzadə qeyd edib ki, builki proqram əvvəlki illərlə müqayisədə daha zəngindir. 

“Mədəniyyət Nazirliyinin TÜRKSOY-la birgə həyata keçirdiyi yeni layihə çərçivəsində Ağdam Muğam Mərkəzində Türk dünyası ölkələrindən gəlmiş gənc ədiblərin iştirakı ilə Türk Dünyasının Gənc Şairlər Festivalı keçiriləcək.

Proqram çərçivəsində müxtəlif tamaşalar da nümayiş olunacaq. Açıq havada təşkil edilən bu tədbirlər həm Şuşa sakinləri, həm də şəhərin qonaqları üçün fərqli mədəni təcrübə yaradacaq”.

Vasif Qurbanzadənin sözlərinə görə, Vaqif Poeziya Günləri sabah axşamadək davam edəcək. Proqramda il ərzində yubileyləri qeyd olunan Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrinə həsr edilmiş xüsusi tədbirlər, eləcə də yubiley qeyd edən şairlərlə görüşlər də yer alıb.

O vurğulayıb ki, bütün bunlar dövlətin və Mədəniyyət Nazirliyinin Azərbaycan mədəniyyətinə, ədəbiyyatına və poeziyasına göstərdiyi diqqətin göstəricisidir. Şuşanın xüsusi ab-havası isə tədbir iştirakçılarında xoş ovqat və unudulmaz təəssüratlar yaradır.

Lamiyə Məmmədova