“Toy rəqsimi yoldaşımla deyil, anamla etməli oldum...” - Məşhur ailədə qalmaqal

toy-reqsimi-yoldasimla-deyil-anamla-etmeli-oldum
Oxunma sayı: 1911

Devid və Viktoriya Bekhemlərin böyük oğlu Bruklin Pelts-Bekhemin ailəsi ilə yaşadığı münaqişənin səbəblərini açıqlaması geniş müzakirələrə yol açıb.

“Qafqazinfo” xəbər verir ki, 26 yaşlı Bruklin instaqramda etdiyi silsilə paylaşımlarda ilk dəfə olaraq ailədəki gərgin münasibətlərdən bəhs edib.

“İllərdir susurdum, bunu gizli saxlamağa çalışırdım. Lakin valideynlərim və onların komandası mətbuata müraciət etməyə davam etdilər, mənə həqiqəti söyləməkdən başqa seçim qoymadılar. Mən ailəmlə barışmaq istəmirəm. Artıq məni nəzarət altında saxlaya bilmirlər və ilk dəfədir ki, öz hüquqlarımı müdafiə edirəm”, - o yazıb.

Bruklin valideynlərinin illərdir mətbuatda ailələri haqqında məlumatların necə işıqlandırılmasına diqqətlə nəzarət etdiklərini bildirib: “Sosial media, ailə tədbirləri və səmimi olmayan münasibətlər həyatımın ayrılmaz hissəsinə çevrilmişdi. Bu yaxınlarda gördüm ki, onlar yanlış imic yaratmaq, yalan hekayələr yaymaq və “möhkəm ailə” nümunəsini qorumaq üçün nələrə hazırdırlar. Amma mən əminəm ki, həqiqət həmişə üzə çıxır”.

Onun sözlərinə görə, valideynləri dəfələrlə onun həyat yoldaşı Nikola Pelts ilə münasibətlərini pozmağa çalışıblar. O iddia edib ki, toy hazırlıqlarının ən gərgin dövründə Viktoriya son anda Nikola üçün gəlinlik tikilməsini ləğv edib, sonra isə bunu mətbuata guya gəlinin özünün köməkdən imtina etdiyi kimi təqdim edib.

Bruklin anasının onun həyat yoldaşı ilə ilk rəqsinə də müdaxilə etdiyini bildirib: “Mark Entoni 500-dən çox qonağın qarşısında məni Nikola ilə rəqs etmək üçün səhnəyə dəvət edəndə, əvəzində o mənimlə rəqs meydançasına çıxdı. O hamının gözü qarşısında mənimlə tamamilə yersiz rəqs etdi. Həyatımda heç vaxt özümü bu qədər narahat və alçaldılmış hiss etməmişdim”.

Onun sözlərinə görə, valideynlərinin iştirak etmədiyi ikinci toy mərasiminin keçirilməsinə məhz bu hadisələr səbəb olub.

“Birləşmək və bir ailə olmaq cəhdlərimizə baxmayaraq, ailəm daim həyat yoldaşıma hörmətsizlik edib. Anam bizə narahatlıq yaratmaq məqsədilə dəfələrlə keçmişimdəki qadınları həyatımıza təkrar daxil etməyə çalışıb”, - o, sosial şəbəkə hesabındakı 16 milyon izləyicisinə müraciət edərək yazıb.

Bekhemlər cütlüyünün böyük oğlu həmçinin atasının yubileyinə getməməklə bağlı ittihamları şərh edərkən ulduz futbolçunu Nikolaya pis münasibət bəsləməkdə günahlandırıb: “Atamın ad günü üçün Londona gedib hotel otağında gözlədik. Lakin onunla görüş təşkil etməyə çalışdığımız bütün həftə ərzində bizi rədd etdilər. O, 100 qonağın iştirak etdiyi və hər küncdə kameraların olduğu böyük şənlik xaricində bizimlə görüşmədi. Nəhayət, Nikolanın iştirak etməməsi şərtilə mənimlə görüşməyə razı oldu. Bu, bir şillə kimi idi”.

Bununla yanaşı, Bruklin ailəsini yenidən “xoşbəxt ailə” obrazını manipulyasiya etməkdə ittiham edib. O, Bekhemlər üçün əsl ailə münasibətlərindən daha çox ictimai imicin vacib olduğunu bildirib: “Ailəmizdəki sevgi sosial mediada nə qədər paylaşım olması və ya birlikdə şəkil çəkdirmək üçün bütün işlərimizi nə qədər tez atdığımızla ölçülür. Biz “mükəmməl ailə”ni göstərmək üçün illərlə mətbuat tədbirlərində iştirak etdik, amma həyat yoldaşım anamdan Los-Ancelesdəki yanğınlar zamanı itləri xilas etməyə kömək istəyəndə rədd cavabı aldı”.

Bruklin həyat yoldaşı Nikolanın onu nəzarət altında saxladığı ilə bağlı iddialara da cavab verib.

“Həyatımın böyük hissəsini valideynlərimin nəzarəti altında olmuşam. Mən dözülməz narahatlıqla böyüdüm. Həyatımda ilk dəfə, ailəmdən uzaqlaşdıqdan sonra bu narahatlıq yox oldu. Hər səhər seçdiyim həyat üçün minnətdarlıqla oyanıram və rahatlıq tapmışam. Biz həyat yoldaşımla imicin, mətbuatın və ya manipulyasiyaların formalaşdırdığı bir həyat istəmirik. İstədiyimiz tək şey özümüz və gələcək ailəmiz üçün əmin-amanlıq və xoşbəxtlikdir”, - o, son paylaşımında yazıb. 

Xatırladaq ki, dünyaca məşhur keçmiş futbolçu Devid Bekhem və modelyer Viktoriya Bekhemin 26 yaşlı oğlu Bruklin 2022-ci ildə 30 yaşlı model Nikola ilə ailə qurub. Cütlük nikahlarının üçüncü ildönümü münasibətilə növbəti dəfə toy mərasimi keçiriblər. Bruklin daha sonra valideynləri ilə ünsiyyətini tamamilə kəsib.