“Törətdiyi əməli tam dərk etmir, güman ki, internet oyunları səbəb olub”

toretdiyi-emeli-tam-derk-etmir-guman-ki-internet-oyunlari-sebeb-olub
Oxunma sayı: 2735

“İdrak” liseyində müəllimi güllələməkdə ittiham olunan 10-cu sinif şagirdi Ə.Ş-nin ilk məhkəməsi keçirilib.

“Qafqazinfo” xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən hazırlıq iclasında yeniyetmə müttəhimin hüquq və vəzifələri təkrar izah edilib.

Zərərçəkmiş müəllim Şəhla Kamilova bundan əvvəl yarımçıq keçirilən prosesə də gəlməmişdi. Bu gün də məhkəmədə iştirak etməyib. Onu hüquqşünas nümayəndəsi təmsil edib.

Təqsirləndirilən şəxsin hüquqlarını vəkil Rəşad Mirmehdizadə qoruyur. Vəkil ilk olaraq məhkəmə istintaqının qapalı keçirilməsini istəyib. Bu vəsatəti güllələnən müəllimin nümayəndəsi də dəstəkləyib.

Vəkil Mirmehdizadə daha sonra müvəkkilinin həbsdən azad edilməsini istəyib. Vəkilin sözlərinə görə, müvəkkili yetkinlik yaşına çatmayıb, insidentdə xəsarət alan müəllim özü də şikayətçi deyil: “Ekspert də rəyində yazır ki, bu uşaq hadisənin mahiyyətini dərk etməyib. Düzdür, səs-küylü hadisədir, biz qəbul etməsək də, ağır cinayətdə ittiham olunur. Amma yenə deyirəm, bu törətdiyi əməli tam dərk etmir. Bir dövr olub, boşluğa düşüb. Bunun da nəticəsi, çox güman ki, internet oyunları olub. Düzdür, heç kim cinayətə haqq qazandırmır, amma bir daha təkrar edirəm, bu hadisə uşaqda yaranmış boşluğun nəticəsidir. Hesab edirəm ki, bütün bu sadaladıqlarım da onun ev dustaqlığına buraxılması üçün kifayət qədər əsas verir”.

Xəbəri rus dilində oxuyun: Стрельба в лицее - покушение списывают на онлайн-игры?

Müəllimin nümayəndəsi bu vəsatəti də müdafiə edib. Nümayəndə müəllimin də şagirdin ev dustaqlığına buraxılmasına etiraz etmədiyini deyib.

Vüqar Quliyevin sədrlik etdiyi məhkəmə kollegiyası qaldırılan vəsatətlərin heç birini təmin etməyib. Məhkəmə belə qərar qəbul edib ki, təqsirləndirilən şəxs həbsdə mühakimə edilməli, məhkəmə istintaqı da açıq keçirilməlidir.

Əsas iclas iyulun 1-nə təyin edilib.

Xatırladaq ki, hadisə bu ilin fevralında Bakıda yerləşən “İdrak” liseyində baş verib. 10-cu sinif şagirdi Ə.Ş. atasına məxsus ov tüfəngi ilə təhsil aldığı məktəbə gələrək 29 yaşlı riyaziyyat müəllimi Şəhla Kamilovanı güllələyib. Ağır yaralanan müəllimin həyatını xilas etmək mümkün olub, sonradan o, şagirdi bağışlayıb.

Şagird hazırda Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürməyə cəhd) maddəsi ilə ittiham olunur. Bütün cinayətlərdə yeniyetmələr üçün maksimum cəza 10 il həbsdir.

Sail Ağasəlim