Ötən gün İstanbul Baş Prokurorluğu tərəfindən saxlanıldıqdan sonra ev dustaqlığına buraxılan tanınmış aktyor Oktay Kaynarca açıqlama yayıb.
“Qafqazinfo” xəbər verir ki, aktyor sosial şəbəkə hesabında etdiyi paylaşımda ittihamları qəbul etmədiyini vurğulayıb.
O.Kaynarca irəli sürülən ittihamlara baxmayaraq bu prosesdə yanında olan dostlarına təşəkkür edib:
“Bu, illərdir nə qədər haqlı olduğumun sübutudur. Həmçinin qanun çərçivəsində və nəzakət qaydalarından kənara çıxmadan vəzifələrini yerinə yetirən hüquq-mühafizə orqanlarının əməkdaşlarına təşəkkürümü bildirirəm.
Bu mərhələdə irəli sürülən ittihamlara cavab verməyi lazımsız hesab edirəm. Məhkəmə Tibb İnstitutunun tezliklə açıqlanacaq nəticəsi yetərli cavab olacaq. Nəticə çıxan kimi ictimaiyyətlə bölüşəcəyəm. Üstəlik narkotiklərlə mübarizə mövzusunda iştirak etdiyim konfranslar bunun əyani sübutudur.
Biz dövlətimizi və millətimizi sevən insanlarıq. Buna heç kim şübhə etməyib və etməməlidir! Həmçinin bildirmək istəyirəm ki, narkotiklərlə mübarizədə məhkəmə qərarının sonuna qədər arxasında dururam və onun bütün fəaliyyətlərini dəstəkləyirəm. Həqiqət gec-tez ortaya çıxacaq”.
Xatırladaq ki, ötən gün O.Kaynarca ilə yanaşı, müğənni Emel Müftüoğlu da saxlanılıb. Onlar daha sonra məhkəmə nəzarətində olmaqla ev dustaqlığına buraxılıb.
Son xəbərlər
Son Xəbərlər