“Rome2Rio”da Tbilisi marşrutu üzrə təqdim olunan tariflərlə bağlı - Açıqlama-Fotolar

rome2rioda-tbilisi-marsrutu-uzre-teqdim-olunan-tariflerle-bagli
Oxunma sayı: 746

Son günlər bəzi sərnişinlər tərəfindən “Rome2Rio” platformasında Bakı–Tbilisi marşrutu üzrə göstərilən qatar biletlərinin qiymətləri ilə bağlı müraciətlər daxil olur.

“Azərbaycan Dəmir Yolları” (ADY) QSC-dən “Qafqazinfo”nun sorğusuna cavab olaraq “Rome2Rio” platformasının ADY-nin rəsmi satış və ya tərəfdaş platforması olmadığı bildirilib.

“Həmin platformada Bakı–Tbilisi-Bakı marşrutu üzrə təklif olunan 9–19 ABŞ dolları məbləğində tariflər ADY tərəfindən təqdim edilməyib, razılaşdırılmayıb və real satış qiymətlərini əks etdirmir.

Platformada qeyd olunan tarif seçildikdə istifadəçi ADY-nin rəsmi internet səhifəsinə yönləndirilir. Lakin keçid zamanı həmin qiymətlə və göstərilən tarix üzrə biletin mövcud olmadığı aydın görünür. Bu da platformada təqdim edilən məlumatların ADY-nin faktiki satış sistemi ilə uyğunluq təşkil etmədiyini göstərir. Bir daha diqqətə çatdırırıq ki, Bakı–Tbilisi–Bakı marşrutu üzrə qatar biletləri yalnız ADY-nin rəsmi satış kanalları vasitəsilə satışa çıxarılır. Bu marşrut üzrə ADY-dən daha ucuz və ya daha baha qiymət təklif edən hər hansı platforma rəsmi satış həyata keçirmir və həmin məlumatlar ADY-nin faktiki tariflərini əks etdirmir. Bu səbəbdən belə təkliflərə etibar etməməyinizi tövsiyə edirik”, - məlumatda vurğulanıb.

Həmçinin bildirilib ki, biletləri aşağıdakı rəsmi mənbələrdən əldə edə bilərsiniz:

- ADY-nin rəsmi internet saytı;

- ADY Mobile mobil tətbiqi; 

- Bakı, Gəncə və Tbilisi dəmiryol vağzallarının kassaları.