Ramil Şeydayev fiaskosu - Onlar “Qarabağ”a lazımdır?

ramil-seydayev-fiaskosu
Oxunma sayı: 2508

Ramil Şeydayevin “Qarabağ”a 3-cü qayıdışı kifayət qədər müzakirə olunan məsələ idi. Qurban Qurbanovun gözyaşları ilə yola saldığı vinger uğursuz legioner həyatından sonra yenidən Ağdam təmsilçisi ilə müqavilə imzaladı. Özü də “Neftçi”dəki bərbad çıxışından sonra...

“Qafqazinfo” xəbər verir ki, Çempionlar Liqasında “Qarabağ” ona şans verməsə də, Azərbaycan Premyer Liqası matçlarında meydana çıxırdı. Amma komandaya heç bir faydası yox idi. Elə çempionatın birinci yarısının son turlarında bununla bağlı Qurban Qurbanova da suallar verilmişdi. O isə futbolçunun çalışaqanlığı ilə Şeydayevin zəif çıxışını ört-basdır etmişdi. 

Ramil, əslində, əvvəlki dönəmlərdə də hücumçu keyfiyyətləri ilə diqqətləri üzərinə çəkə bilmirdi. Lakin o, meydanda daha çox müdafiə planında kömək edirdi, bəzən rəqibin cinahında çox hərəkət etməklə komandasının daha çox hücuma çıxmasına kömək edirdi. 

Amma hazırda Şeydayevdə bu keyfiyyətlərin heç birindən əsər-əlamət yoxdur. Ötən gün “Qarabağ”ın Özbəkistan “Neftçi”sinə 5:0 hesabı ilə qalib gəldiyi matçda meydana çıxan 29 yaşlı futbolçu yalnız mənfi epizodlarla yadda qaldı. Onun komandaya hücum planında faydası dəyməməsi bir yana, heç bir mübarizənin içində də yer almadı. Sadəcə top itkilərinə yol verməsi ilə yadda qalmağı “bacarırdı”. 

Qurban Qurbanovun Ramil Şeydayevə bu qədər şans verməsinin səbəbləri isə maraqlıdır. Vaxtilə pulu seçib Taylandda, Türkiyədə, “Neftçi”də uğursuzluq yaşayan futbolçuya yenidən “qapıları açmaq”da məqsəd nədir?

“Qarabağ”ın heyətində sadəcə var olması ilə diqqətçəkən futbolçu təkcə Ramil Şeydayev deyil. Abbas Hüseynovu da bu siyahıya əlavə etmək olar. O da ötən gün Fərqanə “Neftçi”si ilə oyunda sadəcə ötürmələrdə yol verdiyi səhvlərlə “fərqlənirdi”. Ramildən fərqli olaraq, nisbətən aktiv təsir bağışlayan Abbas sol cinahda qapı qarşısına ötürmə etməkdə çətinlik çəkirdi. 

Bu gün Çempionlar Liqasında çıxış edən “Qarabağ”ın yeni futbolçulara, xüsusilə cinah müdafiəçilərinə və hücumçuya ehtiyacı olduğu halda, belə oyunçuları komandada saxlaması suallar doğurur. 

“Qarabağ”ın heyətində yerli oyunçularla yanaşı, hələ də komandaya uyğunlaşa bilməyən, Ağdam klubunun səviyyəsinə uyğun gəlməyən oyunçular da var. Məsələn, Dani Bolt, Kris Kuaku kimi oyunçuların yerinin nə “Qarabağ”, nə də Çempionlar Liqası olduğu ortadadır. 

Hər halda yeni transferlər etmək istəyən Qurban Qurbanov bu oyunçularla yolları ayıra bilər. Bu, həmçinin, “Qarabağ” üçün yeni imkanlar açacaq. Daha çox maddi baza transferlərin də keyfiyyətinin yüksəlməsinə kömək edəcək.

Elsevər Məmmədov