Qəbələ “Qış Nağılı” Musiqi Festivalına hazırlaşır

qebele-qis-nagili-musiqi-festivalina-hazirlasir
Oxunma sayı: 192

Fevralın 5-8-də Qəbələdə Beynəlxalq “Qış Nağılı” Musiqi Festivalı keçiriləcək.

“Qafqazinfo” xəbər verir ki, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının təşkilatçılığı, Heydər Əliyev Fondu, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və “Gilan”ın  dəstəyi ilə ikinci dəfə reallaşan layihə 2009-cu ildən təşkil olunan Qəbələ Beynəlxalq Musiqi Festivalının davamı olaraq sənətsevərləri bir araya toplayır. 

Festival günlərində Qəbələnin Heydər Əliyev Konqres Mərkəzində rəngarəng proqram - Qara Qarayevin xatirəsinə həsr olunan konsert, vokal, kamera instrumental musiqi axşamları, flamenko-caz musiqi gecəsi, solo çıxışlar təqdim ediləcək.

Tamaşaçılar Azərbaycan və dünya bəstəkarlarının sevilən əsərlərini dinləmək imkanı qazanacaqlar.   

Çıxış edənlər : Azərbaycan Respublikasının Xalq artistləri - Fərhad Bədəlbəyli, Murad Adıgözəlzadə,  Əməkdar artistlər - Afaq Abbasova, Əyyub Quliyev, Emil Əfrasiyab, respublika və beynəlxalq müsabiqələr laureatları - Aysun Mahmudova, Azər-Rza, Aytac Şıxəlizadə, Həsən Bilalov, İbrahim Babayev, Mahir Tağızadə, Nicat Aslanov, Ruslan Hüseynov, musiqi kollektivlərindən Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının Simfonik Orkestri, Azərbaycan Dövlət Simli Kvarteti və İspaniyadan xüsusi qonaqlar - Cristina Cazorla, Javier Moreno, Andrés Barrios.