Paşinyan sülh deyir, konsulu eşitmir?..

pasinyan-sulh-deyir-konsulu-esitmir
Oxunma sayı: 1321

Ermənistanın İtaliyadakı fəxri konsulu Pietro Kuçikyan Azərbaycanın guya sülh istəmədiyi və hər gün yeni tələblər irəli sürərək prosesə mane olduğu haqda açıqlama verib.

“Qafqazinfo” xəbər verir ki, o bu barədə “Gariwo Magazine” portalına müsahibəsində danışıb.

Fəxri konsul fəxarətlə deyib ki, bəs, Ermənistan sülh istəyir sadəcə işin bir “əmma”sı var.

Deyəsən, İrəvanın Romadakı fəxri adamı “amma” adı altında Avropanın nəzərini mənfi mənada Bakıya yönəltmək istəyib.

Məgər onun özündən, sözündən, heç olmasa ölkəsindən də xəbəri yoxdur?

Guya Kuçikyan bilmir ki, regionda yaranmış yeni siyasi reallıqlar və normallaşma gündəliyi məhz Azərbaycanın təşəbbüsləri əsasında formalaşıb?

Axı elə Azərbaycan lideri İlham Əliyevin köməkçisi Hikmət Hacıyev Ermənistana (Dilicana – red.) işgüzar səfərə getdi, orada Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla bir masa arxasında əyləşib Cənubi Qafqaza rifah gətirəcək danışıqlar apardı.

Dilicanda davamlı sülh və sabitlik yolunda ikitərəfli dialoqun əhəmiyyətini dönə-dönə yada salındı.

Azərbaycanın qərarı nə keçmişdə, nə də indi dəyişib...

Xüsusilə Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları ilə bağlı müddəaların mövcudluğu Azərbaycan tərəfindən davamlı sülhə mane ola biləcək amil kimi qiymətləndirilir.

Bu bəndlərin onların konstitusiyasından çıxarılması tələbi isə yenilik deyil. İlk gündən rəsmi Bakı sülh sazişinin uzunmüddətli və davamlı əsaslar üzərində qurulmasını vacib hesab etdiyini bəyan edir. 

Həmin dəyişiklik həm də gələcəkdə Bakının Azərbaycanın suverenliyinə qarşı baş verə biləcək hüquqi və siyasi təhdidlərə qarşı sığortasıdır.

Bu səbəbdən də cənab konsul bilməli idi ki, Bakının mövqeyi prosesi uzatmaq deyil, gələcəkdəki mümkün gərginlik risklərini minimuma endirməkdir.

Əgər Azərbaycan Vaşinqtonda verdiyi sözə əməl etməsəydi, bu, özünü iqtisadi göstəricilərdə göstərməzdi.

Təkcə bu ilin yanvar-may aylarında Azərbaycan Ermənistana 11 milyon 273 min ABŞ dolları dəyərində məhsul ixrac edib. 

Bu rəqəm isə bir zamanlar reallığın “R”si belə deyildi...

Rəsmi Bakı indiyədək verdiyi bütün vədlərə sadiq qalsa da, İrəvandan gələn bəyanatlar arasında ziddiyyətlər müşahidə olunur.

Bir tərəfdən Ermənistanın Baş Naziri Nikol Paşinyan normallaşma və regional əməkdaşlıq mesajları verir.

Gecə-gündüz əlinə mikrofon alıb Qarabağın əsl sahibinin Azərbaycan olduğunu aləmə car çəkir.

Əslində, avazı yaxşı gəlir, oxuduğu “Quran” olsa...

Digər tərəfdə isə ayrı-ayrı erməni diplomatik dairələrində fərqli tezislər səsləndirilir. Pietro Kuçikyanın İtaliya mətbuatında dedikləri həmin paradokslu fikirlərə bir nümunədir.

Necə olur ki, ölkənin xarici işlər naziri Ararat Mirzoyanın fəxri konsula sözü keçmir?

Lap tutaq ki, elədir. Mirzoyan özü də Baş nazirlə hesablaşmır?

İndi Romadan gələn bu mesaja nə ad qoyaq? Kuçikyanın özbaşınalığı? Yoxsa, Ermənistanın növbəti ikibaşlı siyasəti?

Hər halda, Ermənistan rəhbərliyi birinci onu dərk etməlidir ki, davamlı sülhün başlıca şərtlərindən biri etimad quruculuğudur.

Elə Hacıyev və Qriqoryan Dilicanda bu aspektdə də geniş müzakirələr aparmışdılar.

Hətta sözümüzün altına imzamızı da çəkib növbəti belə danışıqların məhz Bakıda baş tutacağını açıqlamışdıq.

Təcrübə də onu deyir ki, müharibələrdən sonra tərəflər sülh yolunda addımlayarkən bir-birilərinə etimad göstərməli, inam qazanmalıdır ki, nəticədə sağlam təməli olan barış mühiti qurula bilsin.

Bir sözlə, Ermənistan dediyi kimi, barışıq tərəfdarıdırsa, birinci növbədə hansı məzhəbə qulluq etdiyini bizə açıqca deməlidir.

Telli Minbir