Ölən körpənin ailəsi Rusiyadan Şəkiyə toya gəlibmiş - Yenilənib

olen-korpenin-ailesi-rusiyadan-sekiye-toya-gelibmis
Oxunma sayı: 2268

Şəki rayonunun Biləcik kəndində 1 yaşlı körpə qəfil dünyasını dəyişib.

“Qafqazinfo” Bizim.Media-ya istinadən xəbər verir ki, kənd sakini 2025-ci il təvəllüdlü Aişə Qoşqar qızı Zəkəriyayevanın halı evdə qəfil pisləşib.

Ailəsi körpəni dərhal Qax Rayon Mərkəzi Xəstəxanasına aparsa da, o, yolda dünyasını dəyişib.

İlkin ehtimala görə, körpənin epilepsiyası tutub və onun həyatını xilas etmək mümkün olmayıb. 

Qeyd edək ki, beş gün öncə A. Zəkəriyayevanın 1 yaşı tamam olub.

***

TƏBİB-dən “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, yanvarın 12-si saat 23:00 radələrində 2025-ci il təvəllüdlü azyaşlı (qadın) ailə üzvləri tərəfindən Qax Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub: “Körpədə həyat əlamətləri müşahidə olunmayıb, bəbəklər genişlənib, hər hansı xarici reaksiyaya cavab verməyib və dodaqlar göyərmiş vəziyyətdə olub. 

Azyaşlının bioloji ölüm faktı qeydə alınsa da, ailə üzvləri onun ölüm faktını qəbul etməyərək saat 23:40 radələrində tibb müəssisəsini tərk ediblər.

Daha sonra azyaşlı ailə üzvləri tərəfindən yanvarın 13-ü saat 00:20 radələrində Şəki Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə gətirilib.

Şəki Rayon Mərkəzi Xəstəxanasında da həkim heyəti tərəfindən azyaşlının bioloji ölüm faktı təsdiqlənib”.

***

Vəfat edən körpənin ailəsi Rusiyada yaşayır və onlar doğma kəndlərində keçiriləcək toy mərasimində iştirak etmək üçün Azərbaycana gəlibmişlər.