Lənkəranda oğurluq etdiyi evi yandıran şəxs saxlanılıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Lənkəran rayonunun Göyşaban kəndindəki yaşayış evlərindən birindən 3000 manat dəyərində məişət əşyalarının oğurlanması, daha sonra həmin ünvanda yanğın baş verməsi barədə polisə müraciət daxil olub.
Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş 37 yaşlı Elçin Quliyev saxlanılıb. Onun hadisədən sonra izi itirmək məqsədilə evdə yanğın törətdiyi də müəyyən edilib.
Polis əməkdaşlarının keçirdikləri digər tədbirlərlə rayon ərazisində evlərdən oğurluq etməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş 33 yaşlı İsmayıl Yüzbaşılı və 63 yaşlı Zakir Cəfərov da müəyyən edilərək saxlanılıblar.
Onlardan psixotrop tərkibli metadon həbləri də aşkarlanaraq götürülüb.
Faktlarla bağlı araşdırmalar aparılır.
Qeyd edək ki, yanvarın 6-da səhər saatlarında Lənkəranda ikimərtəbəli yaşayış evində yanğın hadisəsi baş verib.Hadisə rayonun Göyşaban kəndində kənd sakini Şamil Həsənağa oğlu Qurbanova məxsus 2 mərtəbəli, 8 otaqlı evdə qeydə alınıb. Ev sahibi bildirib ki, yanğın baş verən vaxt ailə üzvləri Bakı şəhərində olublar. Evə baxış zamanı bəzi əşyaların yoxa çıxdığı müəyyən edilib. Onun iddiasına görə, evə təxminən 30 min manatlıq maddi ziyan dəyib. Naməlum şəxslər əvvəlcə evə oğurluq məqsədilə daxil olsalar da, mətbəxdə mürəbbə yeyiblər, daha sonra isə evi yandırıblar.

Son xəbərlər
Son Xəbərlər