Mirhəsən Seyidov növbəti səyyar görüş keçirdi - Fotolar

mirhesen-seyidov-novbeti-seyyar-gorus-kecirdi
Oxunma sayı: 1233

Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov növbəti səyyar qəbulunu Mirzəqurbanlı və Uzunbabalı kəndlərinin sakinləri ilə keçirib.

“Qafqazinfo” xəbər verir ki, qəbulda Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, hüquq-mühafizə orqanlarının nümayəndələri, idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhid ailələrinin üzvləri, müharibə iştirakçıları və kənd ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların ruhu bir dəqiqəlik sükutla yad edilib.

Səyyar qəbul zamanı Tatarməhlə kənd inzibati ərazi dairəsi üzrə nümayəndə çıxış edərək, kəndlərin sosial-iqtisadi vəziyyəti, əhalinin məşğulluq durumu, infrastruktur təminatı və 2025-ci il ərzində kənd ərazisində həyata keçirilən abadlıq- quruculuq işləri haqqında iştirakçılara ətraflı hesabat təqdim edib.

Çıxış edən natiqlər “Böyük Qayıdış" Proqramı - Azərbaycan xalqının milli birliyinin və dövlətçilik iradəsinin təcəssümüdür” mövzusunda iştirakçılara ətraflı məlumat veriblər. Bildirilib ki, Azərbaycan Respublikasının işğaldan azad edilən ərazilərinə Böyük Qayıdış Proqramı ölkənin milli inkişaf strategiyasının mühüm istiqamətlərindən biri olmaqla yanaşı, xalqımızın sarsılmaz birliyinin, dövlətçilik ənənələrinin və gələcəyə inamının bariz ifadəsidir. Proqramın əsas məqsədi işğaldan azad olunan ərazilərdə təhlükəsiz, dayanıqlı və müasir yaşayış mühitinin yaradılması, keçmiş məcburi köçkünlərin doğma torpaqlarına könüllü, təhlükəsiz və ləyaqətli şəkildə qayıdışının təmin edilməsidir.

Mirhəsən Seyidov qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən "Böyük Qayıdış" Proqramı ölkəmizin müasir tarixində ən mühüm dövlət layihələrindən biridir. Bu proqram işğaldan azad edilən ərazilərdə həyatın bərpasını, keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına təhlükəsiz qayıdışını təmin etməklə yanaşı, milli birliyin, dövlətçilik iradəsinin və Azərbaycanın davamlı inkişaf strategiyasının parlaq təcəssümüdür. Bu möhtəşəm qayıdışın ideya əsasları Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev tərəfindən formalaşdırılan güclü dövlətçilik fəlsəfəsinə söykənir. Ulu Öndər müstəqil Azərbaycanın möhkəm siyasi, iqtisadi və hüquqi təməlini yaradıb, ölkənin ərazi bütövlüyünün təmin edilməsini daim dövlət siyasətinin əsas prioritetlərindən biri kimi müəyyənləşdirib. Onun müəyyən etdiyi inkişaf strategiyası nəticəsində Azərbaycan güclü dövlətə çevrilib, milli həmrəylik və vətənpərvərlik prinsipləri cəmiyyətin əsas dəyərləri kimi möhkəmlənib.

RİH başçısı bildirib ki, bu siyasi kurs bu gün Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezident İlham Əliyevin qətiyyətli siyasəti, güclü diplomatiyası və müasir ordu quruculuğu nəticəsində Azərbaycanın ərazi bütövlüyü və suverenliyi tam bərpa edilib, bununla da "Böyük Qayıdış" Proqramının həyata keçirilməsi üçün tarixi imkan yaranıb. Hazırda işğaldan azad olunan ərazilərdə genişmiqyaslı bərpa və yenidənqurma işləri həyata keçirilir. Müasir yaşayış məntəqələri salınır, fərdi yaşayış evləri və çoxmənzilli binalar tikilir, məktəblər, uşaq bağçaları, xəstəxanalar, inzibati binalar və digər sosial infrastruktur obyektləri istifadəyə verilir.

Yeni avtomobil və dəmir yolları, beynəlxalq hava limanları, elektrik, su və qaz təchizatı sistemləri yaradılır, "ağıllı kənd" və "ağıllı şəhər" konsepsiyaları tətbiq olunur. Artıq minlərlə keçmiş məcburi köçkün doğma yurdlarına qayıdaraq təhlükəsiz, rahat və müasir şəraitdə yaşayır. Qayıdış prosesi mərhələli şəkildə davam etdirilir və azad edilən torpaqlarda iqtisadi fəallığın artırılması, məşğulluğun təmin olunması, kənd təsərrüfatının, turizmin və sahibkarlığın inkişafı istiqamətində mühüm layihələr icra edilir. "Böyük Qayıdış" Proqramı yalnız fiziki bərpa layihəsi deyil, həm də tarixi ədalətin bərpası, milli qürurun təntənəsi və Azərbaycan dövlətinin gücünün nümayişidir. Bu proqram xalqın dövlətə olan inamını daha da möhkəmləndirir, milli həmrəyliyi gücləndirir və gələcək nəsillərə firavan, təhlükəsiz və inkişaf etmiş Azərbaycan mirası formalaşdırır.

M.Seyidov Neftçala rayonunda həyata keçirilən yenidənqurma işləri barədə görüş iştirakçılarına məlumat verib.

Səyyar qəbul zamanı vətəndaşlar tərəfindən suvarma kanalının lildən təmizlənməsi, su keçirən borunun yenilənməsi, işsizlik, kənddaxili yolunun təmiri və digər sosial məsələlərlə bağlı müraciətlər səsləndirilib. Qaldırılan məsələlər hər bir müraciət üzrə ayrı-ayrılıqda dinlənilib, ətraflı şəkildə müzakirə olunub və onların həlli istiqamətində aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib.

Vətəndaşlar göstərilən yüksək diqqət və qayğıya, həmçinin rayon ərazisində aparılan abadlıq-quruculuq işlərinə görə Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Məlumat üçün bildiririk ki, vətəndaş məmnunluğunu artırmaq və xidmət keyfiyyətinin yaxşılaşdırılmasını təmin etmək məqsədilə vətəndaşlar Neftçala Rayon İcra Hakimiyyəti ilə həm onlayn, həm də yerində görüşlər üçün yaradılan "Rəqəmsal İcra Hakimiyyəti" https://rih.gov.az portalına daxil olaraq müraciət edə bilərlər.