Məhkəmə onları cəzalandırsa da, hökmü təxirə saldı

mehkeme-onlari-cezalandirsa-da-hokmu-texire-saldi
Oxunma sayı: 2

19 may 2024-cü ildə “Rams Park”da keçirilən qalmaqallı “Qalatasaray”–“Fənərbaxça” (0:1) derbisindən sonra baş verən hadisələrlə bağlı məhkəmə prosesi yekunlaşıb.

“Qafqazinfo” Türkiyə mediasına istinadən xəbər verir ki, İstanbul 3-cü Asliye Cəza Məhkəməsi hadisədə təqsirli bilinən 5 şəxs barəsində hökm çıxarıb.

Məhkəmənin qərarına əsasən, futbolçular Ceyden Ostervolde, Mert Hakan Yandaş, klubun həkimi Ertuğrul Karanlık, keçmiş idarə heyətinin üzvü Hulusi Belgü və “Fənərbaxça”nın ozamankı baş məşqçisi İsmail Kartalın oğlu Emre Kartal stadion müdiri Ali Çelikkıranı “qəsdən yaralama” ittihamı ilə 1 il 4 ay 14 gün müddətinə azadlıqdan məhrum ediliblər. 

Qeyd edək ki, məhkəmə hadisənin “haqsız təhrik” altında baş verdiyini nəzərə alaraq, ittiham olunanlar haqqında “Hökmün açıqlanmasının təxirə salınması” qərarını verib. Bu isə o deməkdir ki, sözügedən şəxslər 5 illik sınaq müddəti ərzində yeni bir cinayət törətməsələr, cəzaları tamamilə ləğv olunacaq.

Onu da əlavə edək ki, Mert Hakan Yandaş hazırda qanunsuz mərc qalmaqalı ilə bağlı həbs olunub.