Lənkəranda qadınla 3 yaşlı oğlu bıçaqlandı - Əri saxlanıldı - Yenilənib

lenkeranda-qadinla-3-yasli-oglu-bicaqlandi
Oxunma sayı: 3367

Lənkəranda bıçaqlanma hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, insident Lənkəran şəhərinin Zərifə Əliyeva küçəsində qeydə alınıb.

Belə ki, 29 yaşlı Ağazadə Rəvanə Nicat qızına çoxsaylı bıçaq zərbələri endirilib. Bu zaman evdə olan 2023-cü il təvəllüdlü H.A. qorxusundan anasının qucağına qaçıb. Nəticədə, zərbələrdən üçü uşağa dəyib.

Ağır xəsarət alan ana və azyaşlı Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə hospitalizasiya olunub. Uşağın vəziyyəti ağır olduğundan o, Reanimasiya şöbəsinə yerləşdirilib. Qadın isə əməliyyat blokuna alınıb və hazırda əməliyyat davam edir.

Əməli törətməkdə şübhəli bilinən qadının həyat yoldaşı 34 yaşlı Allahşükür Ağazadə polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.

Qeyd edək ki, ailə həmin ünvanda kirayə yaşayır.

Faktla bağlı Lənkəran Rayon Prokurorluğunda araşdırma aparılır.

***

TƏBİB-dən sorğumuza cavab olaraq bildirilib ki, 13.10.2026-cı il tarixində saat 08:10 radələrində 2 nəfər (qadın və kişi cinsli azyaşlı) Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Onlara qarın boşluğu, döş qəfəsinin çoxsaylı kəsilmiş, deşilmiş yaraları, hipovolemik şok diaqnozları təyin edilib.

Hər birinə zəruri tibbi xidmətlər göstərilib.

2023-cü il təvəllüdlü azyaşlının müalicəsi Reanimasiya şöbəsində davam etdirilir, vəziyyəti orta ağır qiymətləndirilir.

1997-ci il təvəllüdlü şəxs əməliyyat blokuna alınıb, əməliyyatı davam edir.

***

Lənkəranda ana və azyaşlı övladının bıçaqlanması ilə bağlı təfərrüat məlum olub.

Bildirilib ki, bıçaqlanan 29 yaşlı Rəvanə Ağazadə Lənkəran şəhərində “Müəllimlər binası” kimi tanınan binanın pilləkənlərində olarkən həyat yoldaşı tərəfindən bıçaqlanıb. Bu zaman ananın qucağında olan 3 yaşlı uşağı da bıçaq zərbələri alıb.

R.Ağazadənin atası Nicat Əhmədov bildirib ki, qızı həyat yoldaşı Allahşükür Ağazadə ilə bir neçə vaxtdır ki, ayrı yaşayırmış: “Onların üç övladı var, ikisi atası ilə yaşayır. Kiçik uşaq isə anasının yanında qalır. Onlar ayrı yaşayandan sonra Allahşükür neçə vaxt idi Rəvanəni izləyirmiş. Hər gün olduğu kimi bu gün səhər də Rəvanə işə getmək üçün evdən çıxıb uşağı baxçaya apararkən Allahşükür onun qarşısını kəsib və Rəvanəni, uşağı bıçaqlayıb”.

O da məlum olub ki, Rəvanə Ağazadə həyat yoldaşı Allahşükür Ağazadədən boşanmaq üçün məhkəməyə müraciət edib. Allahşükürün etirazından sonra məhkəmə onlara möhlət veribmiş.

Surxay Şahbazov