“Kiminsə dərdindən Leyli-Məcnun olmağa dəyməz” - Videomüsahibə

kiminse-derdinden-leyli-mecnun-olmaga-deymez
Oxunma sayı: 3702

Onlar Azərbaycan səhnəsinin ən gənc “Leyli və Məcnun”udur. 22 yaşlı Toğrul və 24 yaşlı Fidan… Yaşlarına baxmayaraq, bu iki obraz böyük sevgi, iztirab və fəlsəfi dərinliyi səhnədə inandırıcı şəkildə yaşatmağı bacarırlar. 

“Qafqazinfo” olaraq gənc ifaçılarla görüşdük, Leyli və ya Məcnun olmağın məsuliyyəti, incəsənət sahəsinin pərdəarxası, eyni zamanda gənclərin çətinlikləri barədə söhbətləşdik. 

Sabirabadın Bəlvar kəndindən olan Toğrul Abıyev hazırda Mədəniyyət və İncəsənət Universitetinin Xanəndəlik (Vokal sənəti) ixtisası üzrə IV kurs tələbəsidir. Dörduşaqlı ailədə böyüyən Toğrul üçün musiqi erkən yaşlardan həyatın ayrılmaz hissəsinə çevrilib.

Fidan Süleymanzadə isə Mədəniyyət və İncəsənət Universitetinin magistratura pilləsinin I kursunda təhsil alır. O, musiqiçi ailəsində dünyaya gəlib və sənətin sirlərinə hələ uşaqlıq illərindən yiyələnməyə başlayıb. Qəhrəmanlarımızı birləşdirən təkcə “Leyli və Məcnun” obrazları deyil, həm də klassik Azərbaycan musiqisinə olan dərin sevgi və səhnəyə gətirdikləri gənc, saf nəfəsdir.

Toğrul deyir ki, atası onu xanəndə kimi görmək istəyib:

- Atamın musiqi istedadı olub, çox gözəl də səsi var, lakin o vaxt arxasınca gedə bilməyib. Buna görə də ən böyük arzusu idi ki, mən xanəndə olum. Elə özümün də marağım, istəyim bu sənətə idi. Lap uşaq vaxtlarından televiziyada xanəndələri görəndə mızıldanıb oxuyurdum. Bunu gördülər və məni aparıb musiqi məktəbinə yazdırdılar. 2015-ci ildə Uşaq Muğam Müsabiqəsində iştirak etdim və laureat oldum. 

Fidan isə anasının həzin səsi ilə böyüyüb...

- Ailədə 4 nəfərik. Bacım da mənim kimi xanəndəlik üzrə təhsil alır. Atam gitara ifaçısıdır. Anam isə evdar xanımdır, lakin olduqca gözəl səsi var. Yeri gəlmişkən, deyə bilərəm ki, mənim ilk müəllimim anam olub. Biz elə onun səsi ilə böyümüşük. Lap uşaqlıqdan elə həzin səsi ilə dinlədiyimiz laylalar, oxşamalar qulağımızdadır. O ev işləri edərkən belə zümzümə edər. Biz də belə qəbul etmişik ki, evimizdən həmişə onun bu zümzümələri gəlməlidir. Mən ilk təhsilimi fortepiano ifası ilə başlamışam, amma heç həvəsim olmayıb. Bundan sonra muğama yönəldim. Musiqi məktəbində kəşf etdilər ki, gözəl səsim var. 

- 4-cü kurs tələbəsi olaraq artıq səhnədə ciddi obrazlar canlandırırsınız. Böyük məsuliyyətdir... Necə oldu ki, “Leyli və Məcnun” sizə həvalə olundu?

- Toğrul Abıyev: Səhnənin özü artıq böyük bir məsuliyyət deməkdir. Təbii ki, çətinliklər olur. Açığı, məni bu rola seçən Xalq artisti Gülyaz Məmmədova olub. Məni çağırdılar, səsimə baxıldı. Əslində, bu rola bir neçə nəfərin səsi dinlənilmişdi. Sadəcə bəzi uşaqlar bu məsuliyyəti üzərinə götürmək istəmədi. Çünki bu, doğrudan da asan deyildi. Mən də əvvəl düşünürdüm ki, əsərin yalnız müəyyən hissəsini ifa edəcəyəm, amma sonda tam şəkildə oxumalı oldum. Çətin oldu, həqiqətən. Əsərdə ərəb-fars mənşəli sözlər var, Füzulinin mətni əsasında olduğu üçün dili də, məzmunu da olduqca mürəkkəbdir.

Burada məsələ yalnız oxumaq deyil. Səhnədə səs üstünlüyü təkbaşına yetərli olmur. İstədiyin qədər zil oxuya, texniki baxımdan güclü ola bilərsən, amma əsas məsələ obrazı canlandırmaqdır. Oxuyarkən eyni zamanda o obrazı yaşamalısan. Əgər tamaşaçıya ötürə bilmirsənsə, oxuduğun səs də təsirini itirir. Mənim də yaşım hələ azdır. Etiraf edirəm ki, hazırda o obrazın içinə tam girib yaşaya bilmirəm. 

- Fidan Süleymanzadə: İxtisas müəllimim sinifdə muğam dəsgahları oxuyanda o artıq məni Leyli obrazında görmüşdü. Ondan sonra artıq bizim məşqlərimiz başladı. Bizi tamaşaya əməkdar incəsənət xadimi Hafiq Quliyev və Xalq artisti Gülyaz Məmmədova hazırladı. Bir müddət məşqlərimiz davam etdi. Sonra rektor da iştirak etdi və bəyəndilər. Səs diapazonumun Leyli obrazı üçün daha uyğun olduğunu dedilər. Seçimlər zamanı əsas səsə fikir verilir. Səsinin bu obraza uyub-uymadığına üstünlük verilir. Təbii ki, səhnə mədəniyyəti, səhnə plastikası, görünüş də mühüm yer tutur. 

Tamaşamız baş tutdu və uğurlu alındı. Hər kəs çox bəyəndi. Mən özümü çox uğurlu, şanslı hiss edirəm və qürurlanıram ki, bu gənc yaşımda Leyli obrazını canlandırmaq nəsib olub. 

- Tələbələr kimi bu gün sizi narahat edən problemlər nələrdir?

- Toğrul Abıyev: Universitetdə bir çətinliyim yoxdur. Çünki burada müəllimlər çox yaxşıdırlar və tələbəni sıxıntı çəkəcək vəziyyətdə qoymurlar.  Maddi vəziyyət məsələsinə gəlincə, düşünürəm ki, bu, tələbə üçün tamamilə normaldır. Çətinliklər də olur, qazanc da, hər kəsin həyatında olduğu kimi. Elə dövrlər olub ki, maddi baxımdan çətinlik yaşamışam, amma şükürlər olsun ki, bu gün özümü idarə edə biləcək, ayaqda dura biləcək qədər qazanıram.

Ən önəmlisi isə odur ki, indiyə qədər ailəmdən, xüsusilə də atamdan heç vaxt maddi dəstək almamışam. Hətta birinci kursa qəbul olduğum vaxtdan sonra da evdən pul götürməmişəm. Müxtəlif işlərdə çalışmışam, bir müddət zavodda işləmişəm, fəhləlik də etmişəm. Bu mənim üçün ayıb və ya çəkiniləcək bir şey olmayıb, çünki zəhmətlə işləmək hər kəs üçün normaldır. Sonra düşündüm ki, niyə öz sənətim üzrə çalışmayım? Bu qərardan sonra restorana müraciət etdim və mənə orada işləmək təklif olundu. Hazırda da həmin məkanda trio tərkibində çalışıram.

- Səhnənin ən gənc Məcnunu olmaq məsuliyyətlə yanaşı, yəqin ki, bir üstünlük də gətirir. 

- Toğrul Abıyev: Açığı, bu yaşda səhnədə Məcnun obrazını canlandırmaq çox gözəl və qürurverici hissdir. Hər yerdə qeyd olunur ki, səhnəmizin ən gənc Məcnunuyam və bu, böyük fəxrdir. 

Xüsusilə də xoşuma gələn odur ki, hər yerdə çox gözəl sözlər yazırlar, paylaşırlar və “eşq olsun səhnəmizin ən gənc Məcnununa” deyə rəylər görürəm. Çünki məni məhz bu obrazla tanıdılar, bu rol mənə böyük bir auditoriya qazandırdı. Harada olsam, deyirlər ki, “sən o Məcnunu oxuyan oğlansan?” Halbuki bundan əvvəl də uğurlarım olub. Azərbaycan xalq mahnılarını ifa etdiyim videolar sosial şəbəkələrdə, xüsusilə “TikTok” və instaqramda viral olub, hətta Türkiyədə belə paylaşılıb. Bu da mənim üçün ayrı bir qürur mənbəyi idi.

Ən önəmlisi isə valideynlərimin mənə baxıb qürur duymasıdır. Onlar görürlər ki, əziyyət çəkirəm, zəhmətlə çalışıram və bu da onların daxilində bir rahatlıq və fəxr hissi yaradır. Mənim ən böyük istəyim budur ki, valideynlərimin, müəllimlərimin və məni tanıyan hər kəsin yanında başım uca olsun. 

- Sosial şəbəkələrdən gələn rəylər sizi necə təsirləndirdi?

- Toğrul Abıyev: Təbii ki, sosial şəbəkələrdə həm müsbət, həm də mənfi rəylər olur. Virtual mühitdə insanlar bir-birini tanımır və bəzən düşünmədən, xəyalına nə gəlirsə, sərt cümlələr yazırlar. Məsələn, belə fikirlər olur: “Hələ sənin oxumağına çox var”. Açığı, bunu yazanların çoxu musiqidən anlayışı olmayan insanlardır.

Bu gün sosial mediada belə bir tendensiya var: Kimsə bir rəy yazır, digərləri də düşünmədən onun ardınca eyni fikri təkrarlayır. Yəni biri mənfi bir cümlə yazırsa, digərləri də ona baxıb eyni tonda yazmağa başlayır.

Amma mən bunu normal qarşılayıram. Bəli, doğrudur, oxumağıma hələ çox var. Mən tələbəyəm və bir xanəndə kimi tam formalaşmaq uzun bir prosesdir. Bunu özüm də çox yaxşı dərk edirəm və qəbul edirəm. Sadəcə, bəzən insanlar onu da düşünməlidirlər ki, bu yolu yeni başlayan, məsuliyyətin altına girən, irəli getmək istəyən bir gəncdir.

- Fidan Süleymanzadə: Mənfi rəylər daha çox motivasiyaedici olur. Bizdə həvəs yaradır və enerjimizi artırır. Müsbət rəylər də öz yerində, hər zaman gözəldir. Açığı, bir-iki mənfi rəy mənim üçün heç nə ifadə etmir. Çünki onların yanında yüzlərlə, minlərlə müsbət rəy var. İnsanların verdiyi dəstək və xoş sözlər mənim üçün daha dəyərlidir və daha da motivasiya edir.

- Bir çox istedadlı sənətçi hazırda məhz pul qazanmaqdan ötrü toylarda, el şənliklərində çıxışlar edirlər. Bu da bəzən səhnə ilə aralarına məsafə qoyur. Siz necə düşünürsünüz? 

- Toğrul Abıyev: Bilirsiniz, bu səhnələr, opera tamaşaları, dövlət tədbirləri, məsuliyyət tələb edən çıxışlardır və  bizim peşə borcumuzdur. Amma eyni zamanda toy məclislərinə getmək maddi baxımdan çox vacibdir. Mən özüm də toylara gedirəm, el şənliklərində çıxış edirəm. Bunu gizlətmirəm, paylaşımlarımda da var. Çünki bu gün reallıq budur: maddi tərəfdən əsas dayaq məhz bu məclislərdir. Ailəni dolandırmaq, kirayə, yol xərcləri, gündəlik yaşam-bütün bunlar böyük məsuliyyətdir.

Tək özüm kirayədə qalıram, eyni zamanda ailəmə də dəstək oluram. Üstəlik, sənət adamı olaraq hər gün eyni paltarla, eyni formada harasa getmək də olmur. Məclislər, səfərlər, uzun yollar - bunların hamısı əlavə xərcdir. 

- Fidan Süleymanzadə: Bunu çox normal qarşılayıram, öz yerində olmalıdır. Amma sənəti daha üstün tuturam. Düşünürəm ki, daha çox el şənliklərinə üz tuturuqsa, istər-istəməz sənətimiz ikinci plana keçir. Təbii ki, toylara biz də dəvət alırıq, gedib iştirak da edirəm. Bu, daha çox sosial şəbəkələrdə aktivliyim artdıqdan sonra olub. 

- Məktəb illərindən başlayaraq çoxlu kitablar oxumuşuq, tamaşalara baxmışıq. Sanki “nakam sevgiyə görə qurban olmalıdır” fikrinə inandırılmışıq. Gənc kimi fikirləriniz maraqlıdır. Sizcə, nakam sevgiyə görə canından keçməyə dəyərmi? 

- Toğrul Abıyev: “Leyli və Məcnun” deyəndə təbii ki, ilk ağlagələn eşq və məhəbbətdir. Amma məncə, bu anlayış hər dövrün öz zamanına aiddir. O dövrdə eşq tam başqa cür yaşanırdı. İndi isə elə bir zamandayıq ki, bəzən and içsən belə, inanan olmur. Amma əvvəl belə deyildi, bir kəlmə “söz verirəm” demək yetərli idi. 

Açığı, bu dövrdə kiminsə dərdindən Leyli-Məcnun olmağa dəyməz. İndi hamı telefondadır, münasibətlər daha səthi yaşanır. Məncə, bu sevgi deyil, sadəcə istəkdir. Sevgi tamam başqa anlayışdır. Məcnunun Leyliyə olan sevgisi də təkcə insani sevgi deyildi. O sevgi zamanla ilahi eşqə çevrildi. Leyliyə olan məhəbbət onu Allaha yaxınlaşdırdı, səhraya apardı, onu öz nəfsi ilə üz-üzə qoydu.

Bu gün isə o dərinlik yoxdur. Nə Fərhad kimi dağ yarıb gedən var, nə də dərdindən yatağa düşən Leyli. Amma bunu tək bir tərəfin üzərinə atmaq olmaz. Bu, nə yalnız kişilərə, nə də qadınlara aid məsələdir. Sadiqlik insanın qanında, canında olmalıdır. Təəssüf ki, bu gün o keyfiyyət çox az adamda qalıb.

Bir də elə bir zamandayıq ki, qismətlər çox qəribə düzülür. Bəzən doğru insan yanlış insanla qarşılaşır, bəzən də əksinə. O dövrdə isə doğru insanlar bir-birini tapmışdılar, sevdilər, amma qovuşa bilmədilər- məcburiyyətlər, dövrün qaydaları buna imkan vermədi. Yəni bütün bunlar zamanla bağlıdır. Hər dövrün öz eşqi, öz dərdi və öz qisməti var. 

- Fidan Süleymanzadə: Sevgi o qədər böyük və müqəddəs idi ki, Leyli bu sevginin dərdindən yatağa düşür və həyatını itirir. Məcnun da dərdindən çöllərə düşür və dəli olur. Mən düşünürəm ki, belə də olmalıdır. 

- Xalq artistləri Mənsum İbrahimov və Nəzakət Teymurovanın “Leyli və Məcnun” tamaşasında hələ də baş rol almaları illərdir müzakirə edilir. Bəzi tamaşaçılar 50-60 yaş üstü sənətkarlarımızın gənc cütlüyü canlandırmasının teatra inandırıcılığı azaltdığını deyirlər. Elə ötən həftə onlar yenidən səhnədə eyni rolları bölüşdülər. Gənc Məcnun kimi fikirləriniz maraqlıdır...

- Toğrul Abıyev: Bu sənətkarlar illərini səhnəyə vermiş insanlardır. Onlar incəsənət xadimləridir və bu səhnənin əsas daşıyıcılarıdır. Səhnədə oxumaqları təkcə istək məsələsi deyil, bu, həm də peşə vəzifəsidir. Opera tamaşaları, dövlət tədbirləri, rəsmi çıxışlar, bütün bunlar məhz onların çiyinlərindədir. İllərin təcrübəsi, səhnə mədəniyyəti və peşəkarlıq da burada çox böyük rol oynayır.

Yaşın bu sənətdə həlledici amil olduğunu düşünmürəm. Mənsum İbrahimov və Nəzakət Teymurova kimi ustad sənətkarlar da bu sənətin sütunlarıdır. Onların yaşının çox olması onların oxumamasını tələb etmir. Əlbəttə ki, gənclərin də inkişaf etməsi, səhnəyə gəlməsi çox önəmlidir və bu, sevindirici haldır. 

- Fidan Süleymanzadə: Təbii ki, onlar bizim böyük sənətkarlarımızdır. Onlardan örnək, dərs alırıq. Hələ də bu obrazları canlandırmaqları təbii olaraq ictimai qınağa səbəb oldu. Yaş məsələsi qalmaqala səbəb oldu ki, daha gənc ifaçılara yer verilməlidir. Düşünürəm ki, hər iki fikir düzdür. Onların səhnədə olması gözəldir, onlar olmasa, biz də olmarıq. Amma gənclərin də ifası öz yerində olmalıdır. 

- Sizə dərs keçən müəllimlərin çoxunu biz səhnədən tanıyırıq. Demək olar, hər gün onlarla ünsiyyətdə olursunuz. Çox zaman deyirlər sənət adamları, Xalq artistləri kaprizli olur. Tələbələrə münasibətdə necə davranırlar? 

- Toğrul Abıyev: Bizim müəllimlər həqiqətən çox səmimi, tələbəni oxumağa həvəsləndirən insanlardır. Onlar tələbənin yaxşılığını istəyir, düzgün yol göstərir və ümid yaradırlar. Tələbəyə deyirlər ki, “Sən bacararsan, bunu edə bilərsən”, həvəsləndirirlər, dəstək olurlar. Şükür Allaha, heç vaxt “Sən oxuya bilməyəcəksən” kimi söz eşitməmişəm. Amma bəzi müəllimlər də olur ki, tələbəni həvəsdən salırlar. 

- Fidan Süleymanzadə: Mənim müəllimim Teyyub Aslanov ilk növbədə insan olaraq çox gözəl insandır, canayaxındır. Kapriz isə məncə hər zaman olmalıdır, bu, tələbələrin üzərində bir məsuliyyətdir. Hansısa bir işi gördükdə onun yaxşı alınması üçün təbii ki, məsuliyyət lazımdır. Dərs prosesi zamanı müəllimim çox mülayim olur. Tələbəni necə yönləndirməli olduğunu çox yaxşı bilir. 

- Hansısa film, yaxud seriala dəvət alsanız, iştirak etmək istəyərdiniz?

- Toğrul Abıyev: Azərbaycan seriallarını izləməyə çox vaxtım olmur. Keçmişdə olsaydı, bəlkə istəyərdim, amma indi mənə bir az qəribə gəlir. Ara-sıra baxıram, amma əsasən öz sənətim üzrə, səhnə, tamaşa və çıxışlarla məşğulam. Seriallarda çəkilmək istəmərəm. 

- Xəyalınızda canlandırdığınız, “bir gün mütləq oynayacağam” dediyiniz obraz varmı?

- Toğrul Abıyev: Hələlik xüsusi bir obrazla bağlı konkret fikrim yoxdur. Çünki hazırda üzərimdə ən çətin və məsuliyyətli iş “Leyli və Məcnun” olub. Onu oxuduğum üçün artıq özümü bir qədər təcrübəli hiss edirəm və inşallah, gələcəkdə digər çətin və maraqlı obrazları da ifa etmək fürsətim olacaq.

- Fidan Süleymanzadə: Uşaqlıqdan ən böyük arzum Leyli obrazını canlandırmaq idi. Bu mənə nəsib oldu. İndi də özümü fərqli obrazlarda görmək istəyərdim. Məsələn, “Aşıq Qərib” operasından Şahsənəm obrazı- çox istəyərəm ki, bunu canlandırım. 

Lamiyə Məmmədova

Foto-Video: Xəyal Vəlizadə