“IDTECH Academy”də təhsil alacaq tələbələrə BAAU ilə birgə ikili sertifikat təqdim olunacaq - Fotolar

idtech-academyde-tehsil-alacaq-telebelere-baau-ile-birge-ikili-sertifikat-teqdim-olunacaq
Oxunma sayı: 371

“IDTECH” Məhdud Məsuliyyətli Cəmiyyəti  ilə Bakı Avrasiya Universiteti (BAAU) arasında informasiya texnologiyaları sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

“Qafqazinfo” xəbər verir ki, tədbirdə “IDTECH” MMC-nin direktoru Elşən Fərzəliyev, BAAU-nun rektoru, dosent Səyavuş Qasımov, Regionşünaslıq və iqtisadiyyat fakültəsinin dekanı dosent Mütəllim Rəhimov, Karyera və təlim mərkəzinin müdiri Natiq Xəlilov və digər nümayəndələr iştirak ediblər. Görüş zamanı informasiya texnologiyaları sahəsində əməkdaşlıq perspektivləri, tələbələrin peşəkar inkişafının dəstəklənməsi, beynəlxalq sertifikatlaşdırma proqramlarına cəlb olunması və onların əmək bazarına hazırlığının gücləndirilməsi məsələləri müzakirə olunub.

Tədbirdə çıxış edən Elşən Fərzəliyev bildirib ki, informasiya texnologiyaları sahəsində peşəkar kadr hazırlığı bu gün hər bir ölkənin inkişaf prioritetlərindən biri olduğuna görə“IDTECH”  ilə BAAU arasında əməkdaşlığın başlanması xüsusi əhəmiyyət daşıyır. Məqsəd tələbələrə yalnız nəzəri biliklər vermək deyil, onları əmək bazarının tələblərinə uyğun praktiki bacarıqlarla təmin etməkdir. İnanırıq ki, birgə həyata keçiriləcək “IT Sertifikatlaşma və Karyera Proqramı” gənclərin beynəlxalq sertifikatlar əldə etməsinə, peşəkar inkişafına və uğurlu karyera qurmasına mühüm dəstək olacaq.

O əlavə edib ki, “IDTECH Academy” ölkədə informasiya texnologiyaları sahəsində peşəkar kadr hazırlığına töhfə verən aparıcı təlim mərkəzlərindən biridir.

“Akademiyanın əsas üstünlüyü beynəlxalq standartlara uyğun tədris proqramları, praktiki yönümlü təlim metodologiyası və əmək bazarının real tələblərinə uyğun kadr yetişdirməsidir. Burada tələbələr yalnız nəzəri biliklər əldə etmir, eyni zamanda real layihələr üzərində işləyərək peşəkar bacarıqlarını inkişaf etdirirlər. Beynəlxalq sertifikatlaşma imkanları, təcrübəli təlimçi heyəti və karyera yönümlü yanaşması sayəsində “IDTECH Academy” gənclərin İT sahəsində uğurlu karyera qurmasına və ölkənin rəqəmsal inkişafına mühüm töhfə verir”.

İmzalanan Memorandumun əsas məqsədi təhsil və peşəkar inkişaf sahəsində strateji əməkdaşlığın qurulması, “IT Sertifikatlaşma və Karyera Proqramı”nın birgə hazırlanması və həyata keçirilməsidir.

Layihə çərçivəsində Red Hat Certified System Administrator (Linux), Cisco Certified Network Associate (CCNA), kiber təhlükəsizlik, Java proqramlaşdırma dilləri və IT və şəbəkə əsasları üzrə təlimlərin təşkili nəzərdə tutulur.

Yeni əməkdaşlığın BAAU tələbələrinin praktiki bacarıqlarının artırılmasına, beynəlxalq sertifikatlar əldə etməsinə və gələcək karyera imkanlarının genişləndirilməsinə töhfə verəcəyi gözlənilir.