“Hermes” müştərilərini izləyib onları “qara siyahı”ya salır?

hermes-musterilerini-izleyib-onlari-qara-siyahiya-salir
Oxunma sayı: 1124

Fransanın dünyaca məşhur “Hermes” moda evi alıcıların “Birkin” çantalarını almaq üçün maddi imkanlarını müəyyən etmək məqsədilə onları izləməkdə ittiham olunub.

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

Məlum olub ki, lüks brendin əməkdaşları potensial alıcıların maliyyə vəziyyətini müəyyənləşdirmək üçün “Google” vasitəsilə onların ev ünvanlarını təhlil edirlər.

Bundan əlavə, onlar alıcıların sosial şəbəkə hesablarını da diqqətlə araşdırırlar. Əməkdaşlar alıcının öz hesabında çanta satdığını aşkar etsələr, həm müştəri, həm də satışa cavabdeh olan satıcı “Hermes”in “qara siyahı”sına salınır.

“Hermes”in satış məsləhətçilərindən biri mağazaya alış üçün gələn müştərinin maddi vəziyyətini müəyyən etməyə imkan verən əlamətləri açıqlayıb: “Hər yeni müştəri avtomatik olaraq şübhəli sayılır. Əməkdaşların uyğun müştərini müəyyən edərkən diqqət yetirdikləri əlamətlərə “Audemars Piguet” və ya “Richard Mille” saatları daxildir. Daha çox gözə çarpan “Rolex” saatları isə etimadsızlıq yarada bilər”.

2024-cü ilin mart ayında isə alıcıların “Hermes”i ABŞ-nin antiinhisar qanunvericiliyini pozmaqda ittiham etdikləri məlum olub. Həmin vaxt Kaliforniya məhkəməsində kollektiv iddianın qaldırılmasına səbəb moda evinin siyasəti olub. Bu siyasətə görə “Birkin” çantasını yalnız mağazalarda zəngin alış tarixçəsinə malik daimi müştərilər əldə edə bilər.