“ELTRA Ukraine” və “BBG Energy” strateji tərəfdaşlıq sazişi imzalayıb

eltra-ukraine-ve-bbg-energy-strateji-terefdasliq-sazisi-imzalayib
Oxunma sayı: 229

1876-cı ildən fəaliyyət göstərən, zəngin sənaye irsinə və çoxillik mühəndislik təcrübəsinə malik elektromexaniki istehsal müəssisəsi “ELTRA Ukraine” ilə enerji və sənaye layihələri sahəsində regional səviyyədə aktiv fəaliyyət göstərən “BBG Energy” arasında strateji tərəfdaşlıq haqqında anlaşma memorandumu imzalanıb.

“Qafqazinfo” xəbər verir ki, imzalanmış saziş tərəflər arasında uzunmüddətli əməkdaşlığın əsaslarını müəyyən edir və dəmir yolu mühəndisliyi, elektrik dartı sistemləri, sənaye avadanlıqları, eləcə də enerji və infrastruktur layihələri üzrə birgə fəaliyyətin inkişafını nəzərdə tutur.

Tərəfdaşlıq çərçivəsində mühəndislik biliklərinin paylaşılması, birgə istehsal və modernizasiya layihələrinin icrası, regional və beynəlxalq bazarlarda əlaqələndirilmiş fəaliyyət planlaşdırılır.

Anlaşmaya əsasən, “BBG Energy” Azərbaycan, Gürcüstan, Qazaxıstan, Qırğızıstan və Türkmənistan bazarlarında regional tərəfdaş və rəsmi nümayəndə qismində çıxış edəcək. Şirkət bu ölkələrdə “ELTRA Ukraine”in məhsul və mühəndislik həllərinin təşviqi, layihələrin koordinasiyası, kommersiya münasibətlərinin qurulması və yerli tərəfdaşlarla əməkdaşlığın inkişafını həyata keçirəcək.

“ELTRA Ukraine” 1876-cı ildən etibarən elektromexaniki sənaye sahəsində fəaliyyət göstərir və bu gün lokomotivlərin əsaslı təmiri və modernizasiyası, dartı elektrik mühərriklərinin, təkər cütlərinin, təkər-motor aqreqatlarının və digər mühüm komponentlərin istehsalı üzrə tam elektromexaniki istehsal dövrünə malikdir. Müəssisə layihələndirmə və mühəndislikdən başlayaraq istehsal, sınaq və istismara qədər kompleks şəkildə “tam hazır” həllər təqdim edir.

“BBG Energy” isə enerji, sənaye və infrastruktur sahələrində geniş regional şəbəkəyə, layihə idarəetməsi və kommersiya fəaliyyəti üzrə zəngin təcrübəyə malikdir. Şirkət müxtəlif ölkələrdə həyata keçirdiyi layihələr vasitəsilə istehsalçı ilə bazar arasında effektiv əlaqələndirici rol oynayır.

Tərəfdaşlıq çərçivəsində, yaxın gələcəkdə Azərbaycanda elektromexaniki avadanlıqlar və dəmir yolu texnikası üzrə təmir və texniki xidmət mərkəzinin yaradılması da planlaşdırılır. Bu təşəbbüs regionda sənaye potensialının gücləndirilməsinə, texniki xidmətlərin lokallaşdırılmasına və yeni iş imkanlarının formalaşmasına töhfə verəcək.

Tərəflər bildiriblər ki, bu strateji əməkdaşlıq Azərbaycan, Ukrayna və digər prioritet regionlarda sənaye və enerji sektorunda yeni imkanların yaranmasına, uzunmüddətli və qarşılıqlı faydalı biznes münasibətlərinin qurulmasına xidmət edəcək.