“Fikir bildirməyim düzgün olmaz, amma istəyərdim ki, çempionatda biz daha təhlükəli olaq”.
“Qafqazinfo” xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov bu gün keçirilən mətbuat konfransında deyib.
O, həmçinin jurnalistlərin suallarını cavablayıb.
-Renat Dadaşov “Qarabağ”a təklif olunub?
-Xeyr, belə təklif olmayıb. Bizimkidir, millimizin üzvüdür. Amma hələ onun adı transfer siyahımızda yoxdur.
-İndiki “Sabah” daha təhlükəlidir, yoxsa çempionluğu uduzduğunuz “Neftçi”?
- Ümumi istək hər iki komandada çoxdur. Futbolçularım özlərinə gəlirlər. Ola bilər ki, son vaxtlarda rəqiblərin istəyi bizdən daha çox idi. Gərgin oyunlar keçirdik. ÇL-də 2 matçda uduzduq. Bizə olan basqılar, komandaya olan basqılar təsir etmişdi. Ümumi enerjimizi aşağı salmışdı. Amma hər bir halda, “Sabah” həm oyunu, həm də gələcəyi düşünərək iş qurub. İdman prinsipləri baxımından hamımız üçün təhlükəlidir. Azərbaycan futbolu üçün sevinirəm ki, qarşımızda belə iddialı klub var. Çempionatda hamı iddialıdır. Bizə qarşı inamlı mübarizə aparırlar.
- “İmarət” stadionunda ilk oyunun ÇL-in yoxsa, Premyer Liqanın matçı olmasını istəyərdiz?
- O günə kimi sağ qalmaq lazımdır, öz tərəfimdən deyirəm (gülür). Tam hazır olduqdan sonra baxmaq lazımdır. İlk oyunu hansı turnirdə keçirsək də, ÇL-in finalı kimi qəbul olunacaq.
- Marko Yankoviçlə bağlı durum nədir? Qalır, yoxsa ayrılmaq variantı var?
- Məndə hazırda gedəcəyi ilə bağlı məlumatı yoxdur.
- “Qarabağ” hansı mövqe üçün futbolçu axtarışdadır?
- Hər mövqe üçün danışıqlar aparırıq. İlin sonunda da demişdim ki, hazırda ən çox iş saatı ayırdığımız tərəf futbolçu transferi ilə bağlıdır. Xeyli sayda futbolçuya baxırıq. Qapı xətti, müdafiə, hücum və ota xəttədir. Son vaxtlarda ümumiyyətlə dayanmırıq. Danışıqlar gedir. Görək danışıqlar hansı səviyyədə olacaq. Çox istəyirik ki, komandada bəzi mövqelərdə bir neçə oyunçunun sayını artıraq. Çünki keçən il çox güc sərf etdik. İl boyu belə davam edərsə, futbolçuların gücü və psixoloji hazırlığı buna dözməz. Bu səviyyədə işimizi qoruyub saxlamaq istəyiriksə, mütləq mövqelərdə oyunçularımızın çoxalmasına ehtiyac var. Bu, oyunumuza və məşq prosesinə kömək olacaq.
Son xəbərlər
Son Xəbərlər