Bakı Təşəbbüs Qrupu və Beynəlxalq Siqh Federasiyası siqhlərə zorakılığa qarşı qlobal fəaliyyət naminə beynəlxalq ictimaiyyətə çağırış edib.
“Qafqazinfo” APA-ya istinadən xəbər verir ki, çağırışda deyilir:
“Biz “Hindistanda siqhlərə və digər milli azlıqlara qarşı irqçilik və zorakılıq: mövcud reallıqlar” mövzusunda keçirilmiş beynəlxalq konfransın iştirakçıları olaraq, bu mühüm tədbirin təşkili və Hindistanda siqhlərin hüquqlarının sistemli şəkildə pozulması məsələlərinin müzakirəsi üçün səmərəli beynəlxalq platformanın yaradılmasına görə BTQ-yə dərin təşəkkürümüzü ifadə edirik. BTQ-nin neokolonizmdən zərər çəkmiş xalqların səsinin beynəlxalq müstəvidə eşidilməsinə yönəlmiş ardıcıl fəaliyyəti xüsusi əhəmiyyət kəsb edir. Təşkilatın sözügedən məsələlərə qlobal diqqətin cəlb edilməsi və beynəlxalq ictimaiyyətin səfərbər olunması istiqamətində nümayiş etdirdiyi liderliyi yüksək qiymətləndiririk.
Biz, həmçinin, bu forumun ədalət prinsiplərinə sadiqlik nümayiş etdirən müxtəlif beynəlxalq maraqlı tərəfləri bir araya gətirilməsinin əhəmiyyətini vurğulayırıq. Beynəlxalq ictimaiyyəti Hindistanda Siqh icmasına qarşı onilliklərdir davam edən cəzasızlıq mühitinə, o cümlədən siqhlərə qarşı 1984-cü ildə baş verən zorakılıqlar və kütləvi qırğınlar ilə bağlı məsuliyyətin təmin edilməməsi probleminə diqqət yetirməyə çağırırıq.
Təkcə Dehlidə minlərlə siqh qətlə yetirilmiş, minlərlə insan yaralanmış, evlər və iaşə obyektləri dağıdılmış, qadınlar və qızlar kütləvi cinsi zorakılığa məruz qalmışdır. On rəsmi komissiya və saysız-hesabsız vətəndaş cəmiyyəti araşdırmaları siyasi planlama və təşkilatlanmış hücumlara dair sübutlar ortaya qoysa da, faktiki olaraq heç bir cinayət məsuliyyəti müəyyən edilməmişdir. Heç bir yüksək vəzifəli siyasətçi və ya polis məmuru ədalət mühakiməsinə cəlb edilməyib. Yüzlərlə iş qəsdən araşdırılmadan bağlanmış, sübutlar məhv edilmiş və ya saxtalaşdırılmış, şahidlər təhdid olunmuş, bir çox cinayətkar isə daha yüksək siyasi vəzifələrə irəli çəkilmişdir.
Vətəndaş cəmiyyəti insititutları tərəfindən hazırlanmış sənədlər, o cümlədən Xalqın Vətəndaş Azadlıqları İttifaqının (PUCL), Xalqın Demokratik Hüquqları İttifaqının (PUDR), ABŞ-da fəaliyyət göstərən və siqhlərə qarşı törədilmiş hüquq pozuntularını sənədləşdirən Ensaaf təşkilatının materialları, eləcə də müstəqil jurnalistlərin araşdırmaları göstərir ki, kütlələr Konqres Partiyasının liderləri ilə sistemli şəkildə və koordinasiyalı hərəkət edib, polis isə buna ya göz yumub, ya da bir çox hallarda birbaşa iştirak edib. Hesabatlarda polisin İlkin Məlumat Protokollarını (FIR) qeydiyyata almaqdan imtina etməsi, qeyri-müəyyən ümumi şikayətlər tərtib etməsi, qətl ittihamlarını daha yüngül maddələrlə əvəzləməsi, hətta siqhlərin özlərini müdafiə etməsinin qarşısını almaq üçün onların kirpanlarını müsadirə etməsi vurğulanır. Şahid ifadələri həmçinin qadın və qız uşaqlarının dəstə halında zorlanması, oğurlanması və öldürülməsi ilə bağlı dəhşətli hadisələri üzə çıxarır; bu cinayətlərin əksəriyyəti isə heç vaxt araşdırılmayıb. Dövlətin özünün yaratdığı komissiyalar — Misra, Nanavati, Kapoor-Mittal, Jain-Banerji və Poti-Roşa — ciddi institusional uğursuzluqları müəyyən etsə də, onların nəticələri dəfələrlə görməzlikdən gəlinmiş və bloklanmışdır.
Bu cəzasızlıq yalnız 1984-cü illə məhdudlaşmır. Hakimiyyət orqanlarının siqh icmasına qarşı zorakılığı araşdırmaq və cəzalandırmaq istəməməsi zorakılıq hallarının təkrarlanmasına və kütləvi zorakılıqlara dövlət səviyyəsində tolerantlığın normallaşmasına səbəb olmuşdur. Eyni zamanda, siqh fəallarının səsləri getdikcə daha çox repressiyaya məruz qalır. İnsan hüquqları və ya Xalistan uğrunda dinc fəaliyyətlər mütəmadi olaraq “ekstremizm” kimi damğalanır, bu isə əsassız həbslərə və diaspor icmalarına qarşı transmilli təzyiqlərə yol açır. Geniş səlahiyyətli anti-terror qanunları fərqli fikirləri susdurmaq üçün istifadə olunur, keçmiş cinayətlərin qurbanları isə hələ də sadəcə işlərinin dinlənilməsi uğrunda mübarizə aparırlar.
Bu kontekstdə biz beynəlxalq ictimaiyyəti ədalətli bir çıxış yolu naminə addım atmağa çağırırıq: 1984-cü ilə aid bağlanmış və ya düzgün aparılmamış bütün işlər üzrə vaxt çərçivəsi müəyyən edilmiş araşdırmaların dəstəklənməsi; zorakılığın planlaşdırılmasına, həyata keçirilməsinə və ya ört-basdır edilməsinə görə məsuliyyət daşıyan siyasi liderlərin və polis məmurlarının cinayət məsuliyyətinə cəlb olunması; cinsi zorakılığa məruz qalmış sağ qalanlar üçün ədalətin və təzminatın təmin edilməsi; şahidlərin etibarlı müdafiə mexanizmlərinin yaradılması; habelə hücumların qarşısını almaqda və ya onları dayandırmayan dövlət rəsmilərini məsuliyyətə cəlb edən güclü bir kommunal zorakılıq əleyhinə qanunun qəbul edilməsi. Bundan əlavə, şəffaf hesabat mexanizmlərinin yaradılmasını, zəruri hallarda beynəlxalq texniki yardımın göstərilməsini və hesabatlılığa doğru irəliləyiş barədə ictimaiyyətə mütəmadi məlumat verilməsini tələb edirik.
Biz beynəlxalq ictimaiyyəti Hindistan hökumətinin zikhlərə qarşı yürütdüyü neokolonial siyasətini tanımağa, bu məsələləri Hindistanla aparılan ikitərəfli və çoxtərəfli dialoqlarda ardıcıl şəkildə gündəmə gətirməyə, eləcə də təhdid və təzyiqlərlə üzləşən zikh hüquq müdafiəçilərinin qorunmasını təmin etməyə çağırırıq. Beynəlxalq institutlar tarixi yaddaşın qorunması məqsədilə sənədləşdirmə, sübutların mühafizəsi və həqiqətin üzə çıxarılması təşəbbüslərinə dəstək göstərməlidir. Əsrlər boyu davam edən təqiblərə görə hesabatlılığın olmaması sağ qalanların əzabını dərinləşdirir və yeni zorakılıq riskini artırır.
Bakı Təşəbbüs Qrupu və Beynəlxalq Siqh Federasiyası ölkələri, vətəndaş cəmiyyətlərini və qlobal institutları siqhlərlə həmrəy olmağa çağırır”.