Böyük Qayıdışın ilk ünvanında kənd təsərrüfatı sürətlə inkişaf edir - Video - Fotolar

boyuk-qayidisin-ilk-unvaninda-kend-teserrufati-suretle-inkisaf-edir
Oxunma sayı: 732

Prezident İlham Əliyev tərəfindən bu il mayın 25-də təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı” aqrar sahənin keyfiyyətcə yeni mərhələyə qədəm qoymasına zəmin yaradır. Sənəddə kənd təsərrüfatının inkişafı, habelə yerli istehsal və emal potensialının gücləndirilməsi üçün genişmiqyaslı dəstək mexanizmləri nəzərdə tutulur.

Yeni Dövlət Proqramının yaratdığı bu imkanlar işğaldan azad edilmiş torpaqlarda, o cümlədən Zəngilanın Ağalı kəndində fəaliyyət göstərən yerli sakinləri və fermerləri də ruhlandırıb. İlk mərhələdə kooperativ şəklində birləşərək taxılçılıq üzrə uğurlu təsərrüfat quran kənd sakinləri artıq yaxın gələcəkdə fəaliyyət dairələrini genişləndirməyi planlaşdırırlar.

“Qafqazinfo” xəbər verir ki, AZƏRTAC-ın əməkdaşı Ağalıda fermerlərlə görüşüb, onların fəaliyyəti və gələcək planları ilə maraqlanıb. Onun hazırladığı reportajı təqdim edirik:

Bir vaxtlar işğal altında qalaraq kol-kosla örtülən Ağalı torpaqları artıq əsl sahiblərinin zəhməti sayəsində yenidən dirçəlir. Böyük Qayıdışın ilk ünvanı olan bu kənddə yaradılan ailə kooperativləri regionun aqrar inkişafında yeni bir modelin əsasını qoyub. İlk mərhələdə kooperativ şəklində birləşərək taxılçılıq üzrə uğurlu təsərrüfat quran kənd sakinləri ötən ilin payızında ilk səpini həyata keçiriblər. Hazırda yaşıl zəmilərdə son hazırlıq işləri görülür və yaxın günlərdə biçin mövsümünə start veriləcək.

Münbit torpaqlar, sakinlərin böyük zəhməti və yeni Dövlət Proqramında nəzərdə tutulan dəstək mexanizmləri Ağalıda təkcə taxılçılığın deyil, digər gəlirli sahələrin də inkişafına imkan yaradır. Kooperativ üzvləri artıq yaxın gələcəkdə fəaliyyət dairələrini genişləndirərək bağçılıq, heyvandarlıq və müasir istixana təsərrüfatlarının qurulmasını, beləliklə də kənddə məşğulluq və rifah səviyyəsini daha da yüksəltməyi planlaşdırırlar.

Minayə Mahmudova kooperativ rəhbəridir. O, illərlə həsrətində olduqları doğma yurdda yaşamaqla yanaşı, bu torpaqların yenidən bol bərəkətli sahələrə çevrilməsində payı olmasından böyük qürur və xoşbəxtlik duyduğunu bildirir.

Qalib ölkənin vətəndaşı olmaqdan qürur duyduğunu bildirən Minayə Mahmudova rəhbərlik etdiyi kooperativin fəaliyyətindən bəhs edərkən deyib: “Çox sevinirəm, qürur duyuram. Allah Prezidentimizə cansağlığı versin, şəhidlərimizə rəhmət eləsin, analarının qarşısında baş əyirəm. Qazilərimizə şəfalar diləyirəm ki, bugünkü günü bizə yaşadıblar. Demək olar ki, 30 il bu torpaqlarda əkin-biçin aparılmayıb. Dövlətimizin dəstəyi ilə torpaqlarımızı yenidən əkib-becərə bilirik”.

Ötən ilin payızında taxılçılıq üzrə təsərrüfat yaradan kooperativ üzvləri zəmilərə lazımi aqrotexniki qulluq göstəriblər. Yerli iqlim şəraitinə uyğun arpa sortu əkilən sahələrdə hazırda biçinə son hazırlıq işləri görülür və yaxın günlərdə ilk məhsulun toplanılması gözlənilir.

Yeni qəbul edilmiş Dövlət Proqramının onlara böyük imkanlar açdığını vurğulayan kooperativ rəhbəri gələcək hədəflərini də bölüşüb: “Bu günlərdə Zəngilanda keçirilən müşavirədə yeni Dövlət Proqramı ilə yaxından tanış olduq. Artıq gələcək planlarım arasında bağçılıqla məşğul olmaq da var. Çünki proqramda bağların salınması üçün subsidiyalar və digər əhəmiyyətli dəstək mexanizmləri nəzərdə tutulub. Bu da biz fermerlər üçün münbit torpaqlardan daha bol məhsul götürmək imkanı yaradır”.

Fermerin əsas hədəflərindən biri də təsərrüfatda müasir suvarma sistemlərinin tətbiqidir. Dövlət Proqramında da bu sistemlərin tətbiqinə xüsusi güzəştlər nəzərdə tutulub. Müasir suvarma sistemləri sahələrin vaxtında suvarılmasına, həm suya qənaət edilməsinə, həm də torpaqların şoranlaşmasının qarşısının alınmasına şərait yaradacaq. Kooperativ üzvləri gələcəkdə Ağalıda təkcə taxıl deyil, çoxillik bitkilər də becərməyi və yeni bağlar salmağı planlaşdırırlar.

Şərqi Zəngəzurun ilk fermerlərindən olan Ağalı sakini Mübariz Fərhədovla da söhbət edirik. Bildirir ki, doğma torpaqlarda sakinlər üçün hər cür şərait yaradılıb: “Artıq kəndimizin ərazisində əkin sahələri ayrılıb. On nəfərdən ibarət kooperativimizə 16 hektarlıq torpaq sahəsi verilib. İlkin olaraq, taxıl əkmişik. Sertifikatlı buğda toxumlarından istifadə olunub. Həkəri çayının suyu ilə suvarırıq. Yüksək məhsuldarlıq gözləyirik”.

Ağalı sakini gələcək yeni Dövlət Proqramında nəzərdə tutulan dəstək mexanizmlərindən istifadə etməklə sahədə müasir suvarma sistemlərini quraşdırmağı planlaşdırdığını da vurğulayıb. Onun sözlərinə görə, yeni suvarma texnologiyalarının tətbiqi sahələrdə məhsuldarlığı əhəmiyyətli dərəcədə artıracaq.

Zəngilan rayonunun olduqca münbit torpaqlara sahib olduğunu qeyd edən fermer, burada kənd təsərrüfatının müxtəlif istiqamətlərini uğurla inkişaf etdirməyin mümkünlüyünü bildirib. O, Dövlət Proqramının yaratdığı geniş imkanlardan maksimum yararlanaraq, gələcəkdə rayonda meyvəçilik təsərrüfatı yaratmağı, eyni zamanda, şəkər çuğunduru əkinlərini də həyata keçirməyi planlaşdırır.

Zəngilan Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Möhübbət Səmədov deyir ki, Zəngilan torpaqları hər zaman münbitliyi ilə seçilib. Lakin işğal illərində bu torpaqlar baxımsız qaldığından yabanı bitkilərlə örtülmüşdü. İşğaldan azad edildikdən sonra isə torpaqlarımız yenidən dirçəlməyə başlayıb.

“Böyük Qayıdışın ilk ünvanı olan Ağalıya 2022-ci ildə sakinlərin köçü başladı. İşğaldan azad olunmuş ərazilərdə ilk dəfə olaraq Ağalıda üç kooperativ yaradılıb. Bunlar “Barış”, “Zəfər” və “Bərəkətli Torpaq” kooperativləridir. Həmin kooperativlərə kənd sakinləri cəlb olunublar. Hazırda olduğumuz ərazi “Zəfər” kooperativinə məxsusdur. Bu kooperativ 12 nəfəri birləşdirir və 16,6 hektar sahəni əhatə edir. Burada yerli sort buğda becərilib və ilk il olmasına baxmayaraq, kifayət qədər yaxşı məhsul əldə edilib.“Barış” kooperativində isə 10 hektar sahədə arpa əkini aparılıb. Ərazi dağətəyi zona olduğundan biçin işlərinin ayın sonuna qədər həyata keçirilməsi planlaşdırılır”.

“Zəngilanın münbit torpaqları burada kənd təsərrüfatının inkişafı üçün geniş perspektivlər açır. Yeni Dövlət Proqramında əksini tapan dəstək mexanizmləri də rayonda əlavə potensialın formalaşmasına əlverişli şərait yaradır. Müasir suvarma sistemlərinin tətbiqi, birillik və çoxillik bitkilərin becərilməsi üçün nəzərdə tutulan güzəştlər, eləcə də heyvandarlığın inkişafına yönələn dövlət dəstəyi hesabına rayonda yeni təsərrüfatların qurulması hədəflənir. Bu stimullaşdırıcı tədbirlər sakinlərin əkinçiliyə və heyvandarlığa olan marağını daha da artıracaq. Hazırda kooperativ üzvləri fəaliyyətə taxılçılıqla başlasalar da, gələcəkdə meyvəçilik və bağçılıq təsərrüfatları yaratmağı planlaşdırırlar”, - deyə mərkəz direktoru bildirib.

Beləliklə, Şərqi Zəngəzurun füsunkar təbiəti və münbit torpaqları dövlətimizin diqqəti sayəsində yenidən ölkə iqtisadiyyatına inteqrasiya olunur. Ağalıda uğurla fəaliyyət göstərən “Barış”, “Zəfər” və “Bərəkətli Torpaq” kooperativlərinin timsalında görünür ki, azad edilmiş ərazilərdə yerli sakinlərin zəhməti dəstək mexanizmləri ilə birləşdikdə qısa zamanda böyük nailiyyətlər qazanmaq mümkündür. Prezident İlham Əliyevin təsdiqlədiyi yeni Dövlət Proqramı çərçivəsində tətbiq olunacaq subsidiyalar, müasir suvarma texnologiyaları və çoxşaxəli güzəştlər isə yaxın gələcəkdə Zəngilanın təkcə taxılçılıq mərkəzi deyil, həm də ixrac potensiallı meyvəçilik, bağçılıq və yüksək məhsuldarlıqlı aqrar sənaye qovşağına çevriləcəyinə tam təminat verir. Bu dirçəliş həm regionun iqtisadi gücünü artırır, həm də doğma yurduna qayıdan sakinlərin rifahını daha da möhkəmləndirir.