Azərbaycan logistika infrastrukturunu modernləşdirir

azerbaycan-logistika-infrastrukturunu-modernlesdirir
Oxunma sayı: 345

Azərbaycan beynəlxalq nəqliyyat dəhlizlərinin mərkəzi halqası olduğu üçün logistika infrastrukturunun aktiv modernləşdirilməsini həyata keçirir.

“Qafqazinfo” “Report”a istinadən xəbər verir ki, bu barədə Yaponiyanın "Nikkei" nəşrinin materialında qeyd olunub.

Qəzetin əməkdaşı 2025-ci ilin sonunda Bakı Beynəlxalq Dəniz Limanının fəaliyyəti, həmçinin ölkənin logistika potensialı ilə tanış olub. "Azərbaycan rəsmiləri bildiriblər ki, Bakı limanına daxil olan konteyner yüklərinin təxminən 40%-i Çindən gəlir - avtomobillərdən tutmuş geyimlərə qədər. Yüklərin qalan hissəsi Mərkəzi Asiya ölkələrindən daxil olur", - deyə məqalədə qeyd edilir. Əks istiqamətdə - Çinə göndərilən yüklərin həcmi hələlik məhdud olub, əsasən yanacaq, sürtkü yağları və əlaqəli məhsulları əhatə edir.

Məqalədə vurğulanır ki, 2025-ci ildə limanın konteyner dövriyyəsi 107 min TEU-nu (20 futluq konteynerlərə ekvivalent) keçib, bu da 2020-ci ilin göstəricisini iki dəfədən çox üstələyir.

"Azərbaycan 2028-ci ilin sonuna qədər limanın illik buraxılış qabiliyyətini 25 milyon ton və 500 min TEU-ya çatdırmağı planlaşdırır", - deyə məqalədə vurğulanır.

Qəzet öz materialında həmçinin Azərbaycan Prezidenti İlham Əliyevin yerli televiziya kanallarına müsahibəsini xatırladıb, harada o, yük daşımalarının artırılmasında Çinin rolunu qeyd edib və əlavə edib ki, Azərbaycan Çindən və Mərkəzi Asiya ölkələrindən malların Zəngəzur dəhlizi vasitəsilə hərəkət edəcəyini gözləyir.

Məqalədə qeyd olunub ki, Azərbaycan nəqliyyat-logistika infrastrukturunu modernləşdirir: "Azərbaycan öz əsas limanının imkanlarını genişləndirir və Transxəzər marşrutu boyunca infrastrukturun tikintisini və modernləşdirilməsini sürətləndirir, bura təxminən 1200 km dəmir və avtomobil yolları daxildir".

Nəşr həmçinin Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin Cənubi Qafqaz regionunda logistikanın inkişafının açdığı perspektivlər barədə sözlərini gətirir.

"Bizim strategiyamız Cənubi Qafqazı geosiyasi rəqabət və qarşıdurma zonası deyil, geosiyasi əməkdaşlıq zonasına çevirməkdir", - "Nikkei" Hikmət Hacıyevdən sitat gətirib.

Nəşr həmçinin "Tramp marşrutu" (TRIPP) layihəsi ətrafında vəziyyət, onun işə düşmə müddətlərindən bəhs edib: "TRIPP hazır olduqda, yüklər Azərbaycanın Ermənistanla cənub sərhədinə qədər gedə biləcək, Ermənistanın cənubunda yeni dəmir yolu boyunca hərəkət edəcək, sonra Azərbaycanın Naxçıvan bölgəsindən keçərək Türkiyəyə gedəcək".