Azərbaycan Ermənistana təkcə “Premium” benzin satmayacaq

azerbaycan-ermenistana-tekce-premium-benzin-satmayacaq
Oxunma sayı: 1403

“Azərbaycandan Ermənistana neft məhsullarının ikinci tranziti zamanı təkcə “Premium” deyil, həm də “Regular” benzin idxal olunacaq”. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə “News.am”a “Meqa Treyd” şirkətinin direktoru Karen Ayriyan bildirib. Onun sözlərinə görə, bu dəfə Gürcüstana tranzitə görə ödəniş ediləcək. 

Ayriyan bunun benzinin qiymətinə necə təsir edəcəyi ilə bağlı sualı da cavablandırıb: “Malın maya dəyərini hesabladıqdan sonra benzini neçəyə sata biləcəyimizi anlayacağıq. Benzinin qiymətinə təsir edən başqa amillər də var. Beynəlxalq bazarda qiymət və gündəlik məzənnə dəyişiklikləri də önəmlidir. Qiymətə yalnız tranzit məbləği təsir etmir. Düşünürəm ki, tranzit ödənişinin alınması qiymətə ciddi təsir göstərməyəcək. Müəyyən təsir olacaq, lakin hiss ediləcək fərq olmayacaq”.

Ayriyan ikinci idxal zamanı Azərbaycandan ümumilikdə bir neçə min ton benzin alacaqlarını qeyd edib.  

Qeyd edək ki, ötən gün Azərbaycandan Ermənistana neft məhsullarının növbəti tədarükünün həyata keçiriləcəyi barədə xəbər yayılmışdı. Azərbaycanla Ermənistan arasında sülh gündəliyinə uyğun olaraq, ötən il dekabrın 18-də Azərbaycandan Ermənistana neft məhsullarının ixracına başlanılıb.