Almaniyada “Əmanətə Sədaqət” yay düşərgəsi yekunlaşdı - Fotolar

almaniyada-emanete-sedaqet-yay-dusergesi-yekunlasdi
Oxunma sayı: 589

“Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin təşkilatçılığı, Azərbaycanın Almaniyadakı Səfirliyinin və “Azərbaycan Hava Yolları” QSC-nin tərəfdaşlığı, “Azərlotereya”ASC-nin sponsorluğu və Azərbaycan Diasporuna Dəstək Fondunun dəstəyi ilə 2–9 iyul tarixlərində Almaniyanın Berlin şəhərində tələbə şəhid övladları üçün keçirilən “Əmanətə Sədaqət” yay düşərgəsi yekunlaşıb.

“Qafqazinfo” xəbər verir ki, bir həftə davam edən düşərgə çərçivəsində iştirakçılar Almaniyanın tarixi, mədəni və elmi həyatı ilə yaxından tanış olmaq imkanı əldə ediblər.

Səfər çərçivəsində iştirakçılar Azərbaycanın Almaniyadakı səfiri Nəsimi Ağayevlə görüşərək ölkədəki diplomatik fəaliyyət, ikitərəfli əməkdaşlıq gündəliyi və Almaniyadakı Azərbaycan diasporunun fəaliyyəti barədə məlumatlar əldə ediblər.

Düşərgə Azərbaycan Mədəniyyət Mərkəzində keçirilən intellektual yarışla yekunlaşıb. Gərgin mübarizə şəraitində keçən yarışın ardından bütün iştirakçılara sertifikatlar təqdim olunub. Qeyd edək ki, 2–9 iyul 2026-cı il tarixlərində keçirilən düşərgədə yerli və xarici universitetlərdə təhsil alan, yüksək akademik göstəricilərə malik 23 şəhid övladı iştirak edib.