Ağdamda 33 ildən sonra ilk dəfə “Son zəng” çalındı - Fotolar

agdamda-33-ilden-sonra-ilk-defe-son-zeng-calindi
Oxunma sayı: 372

Bu gün Ağdam şəhərində 33 ildən sonra ilk dəfə “Son zəng” çalınıb.

“Qafqazinfo” AZƏRTAC-a istinadən xəbər verir ki, Ağdam şəhər 1 nömrəli tam orta məktəbdə keçirilən “Son zəng” tədbirində Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşları, məktəb kollektivi və valideynlər iştirak ediblər.

Əvvəlcə Dövlət Himni səsləndirilib, şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla anılıb.

Çıxış edənlər məzunları təbrik edib, onlara uğurlar, dövlətimiz üçün layiqli vətəndaş, ailələri üçün layiqli övlad olmalarını arzulayıblar. Tədbir bədii hissə ilə davam edib.

Qeyd edək ki, Ağdam şəhərində sonuncu dəfə 1993-cü ildə “Son zəng” günü qeyd edilib.

Bu gün həmçinin Ağdam rayonunun işğaldan azad olunmuş Xıdırlı və Kəngərli kəndlərində də 33 ildən sonra “Son zəng” tədbirləri keçirilib.

Xatırladaq ki, Ağdam şəhər 1 nömrəli tam orta ümumtəhsil məktəbinin XI sinfini bu il bitirən yeganə məzunu Nihat İbrahimovdur. Kəlbəcər rayonunda yerləşən Bəhmən Cəfərov adına 1 nömrəli tam orta məktəbdə də bu gün ilk dəfə “Son zəng” çalınıb. Azad Kəlbəcərin ilk və tək məzunu isə Nəzrin Atakişiyevadır.