“Ad günü”nün Mustafası 82 yaşında... - Fotolar

ad-gununun-mustafasi-82-yasinda
Oxunma sayı: 1710

Bu gün Azərbaycanın Xalq artisti Hacı İsmayılovun ad günüdür.

“Qafqazinfo” xəbər verir ki, sənətkar 82 yaşını qeyd edir.

Bu münasibətlə Xalq artisti ilə əlaqə saxladıq. Aktyor bildirdi ki, ən yadda qalan doğum günü 60 yaşı tamam olanda baş tutub:

“Ad günü hər bir insan üçün ən yaddaqalan gün olur. Gün çox gözəl başlayıb. Səhər tezdən nə qədər insan, sənət adamları, məni tanıyanlar təbrik ediblər. Mən 56 ildir Akademik Milli Dram Teatrında çalışıram. 12 ildir Teatr Xadimləri İttifaqının sədriyəm. Bu illər ərzində çalışmışam ki, mədəniyyətimizə, teatr sənətimizə xidmət edim. İndi yubiley keçirmək həvəsində deyiləm. Öz yubileyimi 60 yaşımda keçirmişəm. O zaman mənim sənət dostlarımın çoxu bu dünyada idilər. Onlarla, qohumlarla birlikdə ad günümü qeyd etmişəm. Ondan sonrakı ad günləri də sadəcə qeyd olunub. Bu gün bir arzum var ki, yaşamağa imkan olsun, mədəniyyətimizin xeyrinə əlimdən gələn işləri görüm. Əsas vəzifəm, missiyam, amalım odur ki, teatrın inkişafına töhfələr verim”.

Qeyd edək ki, 1944-cü il yanvarın 22-də Bakıda anadan olan Hacı İsmayılov, Mirzağa Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun dram və kino aktyorluğu fakültəsini bitirib. H. İsmayılov saysız teatr və film səhnələrində rol alıb. Lakin ona uğur gətirən rol “Ad günü” filmindəki Mustafa olub. O, 1980-ci ildə Respublikanın Dövlət mükafatı laureatı, 2000-ci ildə Xalq artisti adına layiq görülüb, 2019-cu ildə isə  “Şöhrət” ordeni ilə təltif olunub, Prezident təqaüdçüsüdür.

Ailəlidir, iki övladı, üç nəvəsi var. 

Lamiyə Məmmədova