Ötən ilin 12 iyul tarixində Tovuz rayonunun Kirən kəndində avtomobili yanaraq tamamilə yararsız hala düşən Ehtibar Qasımov “Mercedes” şirkətinin Bakı mərkəzindən şikayətçidir.
“Qafqazinfo”ya müraciət edən sürücü bildirib ki, həmin gün saat 12 radələrində ailə üzvləri ilə Tovuz şəhərindən Kirən kəndində yerləşən istirahət mərkəzinə yola düşüb.
Hadisə də yolda gözlənilməz bir vaxtda baş verib: “2022-ci ildə Almaniyadan sifarişlə gətizdirdiyim 2020-ci il istehsallı “Mercedes E220” markalı avtomobili şirkətin Bakıdakı mərkəzində qeydiyyata saldırmışdım. Həmin vaxtdan 77-CC-067 dövlət qeydiyyat nişanlı avtomobilə texniki baxışı da yalnız orada göstəriblər, yağdəyişmə və sair hamısı orada edilib. Hadisə baş verən gün isə asfalt yoldan dönüb istirahət mərkəzinə doğru gedərkən kənardan uşaqların səslədiyini gördüm. Dərhal maşından düşdük və onun yandığını gördük. Xoşbəxtlikdən bizə heç nə olmasa da, avtomobil tamamilə yanıb yararsız hala düşdü”.
.jpg)
E.Qasımov hadisədən sonra 2018-2022-ci illərdə istehsal edilmiş dizel mühərrikli “Mercedes E 220” markalı avtomobillərdə zavoddan qaynaqlanan texniki nasazlıqlar olduğunu öyrənib: “Biz öyrəndik ki, bir sıra ölkələrdə bu avtomobillərdə zavod mənşəli nasazlıqlar aşkar edilib və avtomobillər geri çağırılaraq yaranmış problemlər aradan qaldırılıb. Lakin “Mercedes”in Bakı Mərkəzindən bu barədə bizə bildirməyiblər, məsələyə məsuliyyətsiz yanaşıblar. Maşın zavod tərəfindən geri çağırılmalı olan maşınlar siyahısında olduğu halda 2022-ci ildə ölkəyə gətiriləndən sonra servisdə baxış zamanı yerli servis bu barədə müştərini məlumatlandırmayıb.
Halbuki istifadəmdə olan avtomobil orada baxışdan keçirilirdi və zavod mənşəli problem də orada aradan qaldırılmalı idi. Biz yanğın hadisəsindən sonra Bakı mərkəzinə bu barədə müraciət etsək də, onlar yaranmış problemi öz üzərlərinə götürmədi. Lakin oktyabr ayında məni çağıraraq şirkətin baş ofisi ilə əlaqələndirəcəklərini və məsələnin həll edilməsinə dəstək göstəriləcəyini bildirdilər. Lakin 2 aydan artıq vaxt keçsə də, hələ də bir irəliləyiş yoxdur”.
Şikayətçi əlavə edib ki, hadisə avtomobilin hərəkətdə olması zamanı baş verdiyindən Fövqəladə Hallar Nazirliyinin yerli şöbəsi toplanmış materialları Tovuz Rayon Polis Şöbəsinə göndərib. Polisin apardığı araşdırmalar nəticəsində fakt üzrə cinayət tərkibinin olmadığı müəyyən edilərək cinayət işinin başlanması rədd edilib.
Mövzu ilə bağlı “Mercedes”in Bakı Mərkəzi olan “Avtokapital-Azərbaycan” MMC-yə sorğu ünvanladıq. Şirkətdən bildirildi ki, baş vermiş hadisə ilə bağlı onlar məsuliyyət daşımır: “Tovuz rayonu ərazisində, şəhərdən təxminən 18 km məsafədə baş vermiş hadisədən sonra avtomobilin sahibi (VIN: W1K2130041A862644) “Avtokapital-Azərbaycan” MMC-yə müraciət edib və hüquq-mühafizə orqanları tərəfindən verilmiş rəsmi sənədi təqdim edib. Sözügedən sənəd ingilis dilinə tərcümə edilərək notarial qaydada təsdiqlənib və baxılması üçün qəbul olunub.
Müraciətdən dərhal sonra “Avtokapital-Azərbaycan” MMC-nin əməkdaşları hadisə ilə bağlı daxili araşdırma proseduruna başlayıb və məsələ üzrə Mercedes-Benz AG zavodunun texniki dəstək xidmətinə rəsmi sorğu göndərib. Araşdırma çərçivəsində avtomobilin Azərbaycanda rəsmi servis mərkəzlərində keçdiyi texniki baxışlara dair mövcud sənədlər də daxil olmaqla tam sənəd paketi hazırlanaraq zavoda təqdim edilib.
Mövcud məlumatlara əsasən, avtomobilin rəsmi servis mərkəzinə son müraciəti 03.08.2023-cü il tarixində qeydə alınıb, bundan sonra isə istehsalçı tərəfindən nəzərdə tutulmuş iki planlı texniki qulluq keçirilməyib. Avtomobil sahibinin bildirdiyinə görə, sonrakı dövrdə texniki xidmətlər qeyri-rəsmi servis mərkəzlərində həyata keçirilib, yağ və filtr kimi ehtiyat hissələri isə ayrıca qaydada alınıb. Bu isə avtomobilin rəsmi servis şəbəkəsi çərçivəsində texniki qulluq tarixçəsinin tam və fasiləsiz olmadığını göstərir.
.jpg)
Açıqlamada qeyd edilib ki, istehsalçı zavodun texniki dəstək xidmətinin mütəxəssislərinin rəyinə əsasən, yanğın nəticəsində avtomobilə dəyən zərərin həcmi kritik səviyyədədir: “Bu səbəbdən, yanğının dəqiq səbəbinin müəyyən edilməsi məqsədilə texniki ekspertizanın aparılması obyektiv və praktik əhəmiyyətli nəticə verməyə bilər. Hazırkı mərhələdə hadisə ilə zavod istehsalı zamanı yaranmış hər hansı texniki qüsur arasında birbaşa əlaqə müəyyən edilməyib. Eyni zamanda nəzərə alınmalıdır ki, avtomobil beşinci istismar ilindədir, 150 000 km-dən artıq yürüşə malikdir, “qeyri-rəsmi idxal” kateqoriyasına aiddir və rəsmi texniki qulluq tarixçəsi natamamdır.
Bundan əlavə, avtomobil sahibi tərəfindən yanğının səbəbini və ya zavod qüsurunu təsdiq edən heç bir müstəqil ekspert rəyi təqdim edilməyib.
Hazırda sözügedən hadisə Mercedes-Benz AG-nin Hüquqi Məsuliyyət üzrə Məhsul Departamentinin (Product Liability Team) nəzarətindədir. “Avtokapital-Azərbaycan” MMC avtomobil sahibi ilə daimi əlaqədədir, istehsalçının bütün daxili qaydalarına və tələblərinə tam riayət edir və həm müştəri, həm də aidiyyəti dövlət qurumları ilə əməkdaşlığa açıq olduğunu bildirir”.
Aslan Vəliyev
