Səhər tezdən avtobusda yanımda paltar asılqanı kimi şux dayanan bir ata vardı. Bir əlində şəffaf sellofana keçirilmiş ütülü ağ köynək, o birində qızılı hərflərlə “Məzun” yazılmış lent tutmuşdu. Adamın özünə əli qalmamışdı – yıxılmamaq üçün haradansa yapışa. Avtobusun sıxlığında elə gərgin, elə yorğun dayanmışdı ki, elə bil məktəb həyətində yolunu gözləyən övladına bayram geyimini yox, bütöv bir ailənin on bir illik borc-xərcini, son iki ilin repetitor qəbzlərini və sabahın xofunu aparırdı.
Bu gün təqvimimiz həmin günü göstərir – ilk ayrılıq, ilk kollektiv unudulmaq gününü – “Son Zəng”i. Bir neçə saatdan sonra məktəb həyətlərindən gələn səslər küçələrə daşacaq. Direktorlar keçən ilki cümlələrlə gələcəkdən mühazirə oxuyacaq, rəsmilər gənclərin ağ köynəyinə qol çəkəcək, məzunlar kövrələcək…
Biz hər il bu gün sadəcə təqvimin hesabatını veririk, amma reallığın analizini unuduruq. Bu gənclər əslində məktəblə çoxdan – bəlkə də iki-üç il əvvəl, repetitor otaqlarının qapısını ilk dəfə açdıqları gün vidalaşıblar. Son iki ili sinif otaqlarına bilik almaq üçün yox, sadəcə “qaib yazılmasın” deyə ayaq basan gənclik bu gün bu vidanı rəsmi şəkildə həyata keçirəcək. Bizim millət olaraq sevdiyimiz bir ifadə var: “Prosedur gərəyi”. Məktəblər artıq müqəddəs elm ocağı olmaqdan çıxıb, imtahana buraxılış vərəqəsi paylayan rəsmi bir məkana çevrilib. Uşaqlar məktəb proqramını yox, repetitorun konspektlərini əzbərləyirlər. Biz təhsili dövlət sistemindən çıxarıb fərdi masaların üzərinə, pullu kursların ümidinə köçürmüşük.
Əslində, dövlət hər il milyardlarla vəsait ayırır, yeni, müasir məktəblər tikir. İnfrastruktur var, binalar göz qamaşdırır, rəqəmsal lövhələr parıldayır. Amma biz hələ də o binaların içindəki məzmunu fərdlərin cibinə və insafına buraxmışıq. Televizorda hansısa ucqar dağ kəndindən yüksək bal toplayan bir uşağı göstərib ekran qarşısında duyğulanırıq. Amma heç kim soruşmur ki, o bir nəfərin arxasında qalan, kölgədə itən digər iyirmi sinif yoldaşı niyə o kənddən kənara çıxa bilmədi? Onların günahı nə idi? Biz təhsili binalarla bərabərləşdirmişik, amma imkanlarla, fürsətlərlə yox. Bakının mərkəzindəki elit liseyin məzunu ilə dağ kəndində işığı sönən məktəbin məzununun start xətti eyni deyil. Ortada ciddi bir fürsət uçurumu var və bizim fəxr etdiyimiz o tək-tük “uğur hekayələri” sistemin yox, fərdi fədakarlıqların, valideynin boğazından kəsdiyi pulların nəticəsidir.
Daha böyük bir məsələ isə gələcəksizlikdir. Dünya sürətlə dəyişir. Uşaqlara neft erasının bitdiyini, gələcəyin kodlarla, süni intellektlə idarə olunduğunu nağıl edirik. Amma o gözəl məktəb divarları arasında onlardan hələ də qalın dərslikləri cümlə-cümlə əzbərləməyi, yaradıcılığı boğan şablon qaydaları tələb edirik. Biz bu gün gələcəyin yox, keçmişin məzunlarını yola salırıq. Köhnəlmiş metodlarla yeni əsrə gənc hazırlamaq sadəcə zamanı korlamaqdır. Biz uşaqları universitet qapısına qədər gətirən mexaniki bir konveyer qurmuşuq, amma onlara azad düşünməyi, yaratmağı, problem həll etmə bacarıqlarını formalaşdırmağı unuduruq. Diplomunu alıb, sabah hansısa holdinqdə kuryer işləyəcək, yaxud taksi sükanı arxasına keçəcək minlərlə ixtisassız məzunun gələcəyini düşünəndə adamın içində nə isə qırılır. Təhsil gəncliyə qanad verməlidir, biz isə onları test kitabçalarının arasına sıxışdırırıq. Bu gün imtahan zalına can atan yüzlərlə məzun sabah hansı peşədə işləyəcək, kimsə bunu düşünmür. Süni İntellekt artıq dünənin ən prestijli peşələrini – mühasibləri, tərcüməçiləri, standart kod yazan proqramçıları, hüquq məsləhətçilərini sıradan çıxarıb, onların işini bir neçə saniyəyə həll edir. Biz isə uşaqları hələ də o ölüb gedən peşələrin fakültələrinə doldurmaq üçün yarışa salmışıq. Sabah bu uşaqlar Süni İntellektin əlindən ala bilmədiyi yeganə sahələrdə – tənqidi təfəkkürün, fərdi yaradıcılığın, empatiyanın və strateji idarəetmənin tələb olunduğu yeni dünyada yer tapmalıdırlar. Amma məktəb onlara robota çevrilməyi öyrədib, rəqabət aparacaqları real robotların qarşısına çıxarır. Robotla robotun yarışında isə insan həmişə uduzur.
Həll yolu rəsmi hesabatların bəzəkli pafosunda deyil. Həll kəsəri – repetitor asılılığını rəsmi və praktiki şəkildə ləğv edəcək, məktəbin öz qiymətləndirməsini əsas meyar sənədinə çevirəcək köklü bir məzmun yeniliyindədir. Dövlətin qurduğu o möhtəşəm binaların içini rəqəmlərlə yox, eyni keyfiyyətdə canlı biliklə və müasir dünyagörüşü ilə doldurmaq lazımdır. Elə etmək lazımdır ki, avtobusda yanımda dayanan o ata hər ayın sonunda repetitor pulu çatdırmaq üçün saatını gərginliyə qurmasın. Ucqar kənddəki uşaq da bilsin ki, onun gələcəyi paytaxtdakı həmyaşıdı qədər təminat altındadır.
Bu gün küçələr səs-küylüdür. Eybi yox, xoşbəxt olsun uşaqlar.
Məzun gününüz mübarək, gələcəyin ümidli, amma çiyinlərinə vaxtından tez qayğı yüklənmiş köynəyi imzalı gəncləri. Bu sizin son imtahanınız deyil, sadəcə həyatın o maraqlı və böyük yollarına çıxdığınız növbəti bir iyun günüdür...
Nərmin Dadaşova
Xüsusi olaraq “Qafqazinfo” üçün...