Bakıda Ukrayna universitetlərinin təhsil sərgisi keçirildi - Fotolar

bakida-ukrayna-universitetlerinin-tehsil-sergisi-kecirildi
Oxunma sayı: 580

İyulun 4-ü Bakıda “Hyatt Regency” hotelində Ukraynanın aparıcı ali təhsil müəssisələrinin sərgisi keçirilib.

“Qafqazinfo” xəbər verir ki, tədbir Ukrayna Təhsil və Elm Nazirliyinin Ukrayna Dövlət Beynəlxalq Təhsil Mərkəzi və Ukraynanın Azərbaycandakı səfirliyinin birgə təşkilatçılığı ilə baş tutub.

Sərgidə Ukraynanın 24 ali təhsil müəssisəsi təmsil olunub. Ziyarətçilər universitetlərin təhsil proqramları, qəbul qaydaları, Erasmus+ akademik mobillik imkanları və beynəlxalq ikili diplom proqramları haqqında ətraflı məlumat əldə ediblər.

“Beynəlxalq Hüquq və Beynəlxalq Əlaqələr Cəmiyyəti” İB-nin sədr müavini, “Alijanov Group” MMC-nin direktoru, Jurnalistlər Birliyinin üzvü, hüquq üzrə fəlsəfə doktoru Fürqan Abdullazadənin sözlərinə görə, sərgi uğurla yekunlaşıb.

“Alijanov Group” MMC-nin təsisçisi Alicanov Nəsib Əhməd oğlunun məlumatına əsasən, tədbirin rəsmi açılışında diplomatik korpusun nümayəndələri, təhsil sahəsinin təmsilçiləri, universitet rəhbərləri, abituriyentlər və valideynlər iştirak ediblər. Sərgi çərçivəsində iştirakçılar universitet nümayəndələri ilə birbaşa ünsiyyət quraraq onları maraqlandıran suallara cavab alıblar.

“INGEK” Beynəlxalq Təhsil Mərkəzinin rəhbəri Rüfət Mirzəyev bildirib ki, tədbirdə həmçinin Ukraynada təhsil almaq istəyən xarici tələbələr üçün tətbiq olunan rəqəmsal qəbul sistemi təqdim olunub və qəbul prosesinin daha sadə, şəffaf və əlçatan olması barədə məlumat verilib.

Sərgi Azərbaycan gənclərinin Ukraynada ali təhsil imkanları ilə yaxından tanış olmasına, iki ölkə arasında təhsil sahəsində əməkdaşlığın möhkəmlənməsinə və beynəlxalq akademik əlaqələrin inkişafına mühüm töhfə verib.