BAAU beynəlxalq simpoziumda təmsil olunub

baau-beynelxalq-simpoziumda-temsil-olunub
Oxunma sayı: 221

Türkiyənin Niğde Ömer Halisdemir Universiteti, Qazaxıstanın Qazax Milli Qızlar Pedaqoji Universiteti, Azərbaycanın Bakı Avrasiya Universiteti (BAAU) və Moldova Respublikası Qaqauz Muxtar Qurumunda fəaliyyət göstərən Komrat Dövlət Universitetinin birgə təşkilatçılığı, eləcə də Komrat Dövlət Universitetinin ev sahibliyi ilə “Qlobal dəyişiklik kontekstində ailə və demoqrafik göstəricilər” mövzusunda XIII Beynəlxalq Türk Dünyası Araşdırmaları Simpoziumu keçirilib.

“Qafqazinfo” xəbər verir ki, simpoziumda BAAU-nu Elmi işlər üzrə prorektor, professor Gülzar İbrahimova, Beynəlxalq əlaqələr üzrə prorektor, dosent Sevda Rzayeva, Regionşünaslıq və iqtisadiyyat fakültəsinin dekanı, dosent Mütəllim Rəhimov və Nəzəri dilçilik və türk dilləri kafedrasının müdiri, dosent Zəminə Rüstəmbəyli təmsil ediblər.

Moldova, Azərbaycan, Türkiyə və Qazaxıstanın dövlət himnlərinin səsləndirilməsi ilə başlayan tədbir rəsmi açılış nitqləri ilə davam edib.

Üç gün davam edən simpoziumun açılış mərasimində Komrat Dövlət Universitetinin rektoru, professor Sergey Zaharia, Türkiyənin Moldovadakı fövqəladə və səlahiyyətli səfiri Uygar Mustafa Sertel, Azərbaycanın Moldovadakı fövqəladə və səlahiyyətli səfiri Ülvi Baxşəliyev, Qazaxıstanın Moldovadakı fövqəladə və səlahiyyətli səfiri Almat Aydarbekov, Moldova mədəniyyət nazirinin mədəni irs üzrə dövlət katibi Korneliu Cirimpei, Simpoziumun təşkilat komitəsinin sədri, Niğde Ömer Halisdemir Universitetinin professoru Hikmət Koraş, BAAU-nun Elmi işlər üzrə prorektoru, professor Gülzar İbrahimova, Qazaxıstan Milli Qızlar Pedaqoji Universitetinin prorektoru, professor Aktolkın Kulsariyeva, M. V. Maruneviç adına Qaqauziya Elmi-Tədqiqat Mərkəzinin direktoru İrina Konstantinova, TÜRKSOY-un şöbə müdiri və TÜRKSOY Muzeylər Assosiasiyasının baş koordinatoru Barış Cavid Mövsümlü, “Gönül Dağı” dərnəyinin sədri, professor Necmi Uyanık və digər rəsmi nümayəndələr çıxış ediblər.

Komrat Dövlət Universitetinin rektoru, professor Sergey Zaharia açılış nitqində tərəfdaş universitetlərlə həyata keçirilən birgə layihələrin beynəlxalq akademik əməkdaşlığın inkişafına mühüm töhfə verdiyini bildirib, simpoziumun təşkilində əməyi olan bütün tərəfdaşlara təşəkkürünü çatdırıb və iştirakçılara uğurlar arzulayıb.

BAAU-nun Elmi işlər üzrə prorektoru, professor Gülzar İbrahimova isə öz çıxışında türk dünyasının tarix boyu zəngin mədəniyyətin, dövlətçilik ənənələrinin və elmi inkişafın əsas daşıyıcılarından biri olduğunu vurğulayıb. O, ortaq dil, tarix və mədəni irsin elmi əsaslarla araşdırılmasının, sistemləşdirilməsinin və gələcək nəsillərə ötürülməsinin mühüm strateji əhəmiyyət daşıdığını diqqətə çatdırıb.

Açılış mərasimindən sonra panel iclaslarına start verilib və iştirakçılar müxtəlif istiqamətlər üzrə hazırladıqları elmi məruzələri təqdim ediblər. Ümumilikdə simpoziumda 9 fərqli ölkədən 90-ı əyani, 75-i isə onlayn olmaqla 165 alim və tədqiqatçı elmi məqalələrlə çıxış edib. 

Simpozium çərçivəsində Azərbaycan Respublikasının Moldova Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Ülvi Baxşəliyev BAAU-nun heyəti ilə görüşüb. Səfir Ülvi Baxşəliyev Komrat Dövlət Universitetində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin (güşəsinin) yaxın zamanlarda əsaslı şəkildə yenilənməsi, milli irsimizi əks etdirən yeni materiallar və ədəbiyyatla zənginləşdirilməsi istiqamətində görülən işlərdən bəhs edib.

Simpozium çərçivəsində, həmçinin təşkilatçı universitetlərin hazırladığı milli incəsənət nümunələrinin təqdimatı keçirilib. Eyni zamanda, iştirakçılar Qaqauziyanın bənzərsiz tarixi məkanları, milli muzeyləri və mədəniyyət abidələri ilə yaxından tanış olmaq imkanı əldə ediblər.

Tədbir çərçivəsində təşkil olunan 3-cü Beynəlxalq Avrasiya Araşdırmaları və İnnovasiya Müsabiqəsinə təqdim edilən layihələr münsiflər heyəti tərəfindən qiymətləndirilib və qaliblər mükafatlandırılıb. Sevindirici haldır ki, qaliblər arasında BAAU-nun tələbələri də yer alıb.