Beyləqanda Polis Günü qeyd edildi - Fotolar

beyleqanda-polis-gunu-qeyd-edildi
Oxunma sayı: 1271

Beyləqanda Azərbaycan Polisi Günü qeyd edilib.

“Qafqazinfo” xəbər verir ki, tədbirdə Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Ceyhun Qurbanov, rayon prokuroru Elşad Əzimov, Rayon Məhkəməsinin sədri Ramiz Nurullayev, SHXÇDX-nin Rayon Şöbəsinin rəisi Bəxtiyar Hümbətov, DTX-nin Rayon Şöbəsinin rəisi Vidadi Qurbanov, Füzuli rayon hərbi prokuroru Elçin Hacıyev, hüquq-mühafizə orqanlarının əməkdaşları, polis veteranları iştirak ediblər.

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət olunub. Dövlət himni səsləndirilib, rəsmilər, eləcə də polis əməkdaşları parad düzülüşü ilə abidə önünə gül dəstələri düzərək Ulu Öndərin əziz xatirəsini dərin ehtiramla yad ediblər.

Daha sonra Rayon Polis Şöbəsində davam etdirilən tədbirdə Ümummilli Lider Heydər Əliyevin, şəhidlərimiz, o cümlədən xidməti vəzifəsini yerinə yetirərkən həlak olan polis əməkdaşlarının əziz xatirəsi birdəqiqəlik sükutla yad edilib, dövlət himni səsləndirilib.

Tədbiri giriş nitqi ilə açan Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Ceyhun Qurbanov Azərbaycan Polisinin keçdiyi şərəfli inkişaf yolundan, Ümummilli Lider Heydər Əliyevin daxili işlər orqanlarının formalaşması və möhkəmləndirilməsi istiqamətində həyata keçirdiyi mühüm islahatlardan, həmçinin polis əməkdaşlarının ictimai asayişin qorunması, qanunun aliliyinin təmin edilməsi və vətəndaşların təhlükəsizliyinin qorunmasındakı məsuliyyətli xidmətindən bəhs edib. O, şəxsi heyəti peşə bayramı münasibətilə təbrik edərək onlara xidmətdə yeni uğurlar arzulayıb.

Tədbirdə çıxış edən Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov polis əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edərək bildirib ki, Azərbaycan Polisinin qazandığı uğurlar Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən ardıcıl dövlət siyasətinin nəticəsidir. Rayon rəhbəri polis əməkdaşlarına Vətənə və dövlətçiliyə sədaqətlə xidmət etməklə ölkəmizdə əmin-amanlığın, ictimai sabitliyin və vətəndaş təhlükəsizliyinin qorunması kimi şərəfli missiyalarında yeni uğurlar arzulayıb, müasir Azərbaycan polisinin formalaşmasında Ümummilli Lider Heydər Əliyevin müstəsna xidmətlərini xüsusi vurğulayıb. Daha sonra Əziz Əzizov xidmətdə fərqlənən bir qrup polis əməkdaşını Beyləqan Rayon İcra Hakimiyyətinin Fəxri Fərmanı ilə təltif edib.

Tədbirdə rayon prokuroru Elşad Əzimov, Rayon Məhkəməsinin sədri Ramiz Nurullayev, SHXÇDX-nin Rayon Şöbəsinin rəisi Bəxtiyar Hümbətov, DTX-nin Rayon Şöbəsinin rəisi Vidadi Qurbanov, Füzuli rayon hərbi prokuroru Elçin Hacıyev və digər çıxış edənlər polis əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edərək onlara xidməti fəaliyyətlərində yeni uğurlar arzulayıblar.

Sonda çıxış edən Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Ceyhun Qurbanov tədbir iştirakçılarına təbriklərə görə təşəkkürünü bildirib. O, şəxsi heyətin bundan sonra da Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi və daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovun tapşırıqlarını rəhbər tutaraq xidməti vəzifələrini layiqincə yerinə yetirəcəyini vurğulayıb.