Başqasının yerinə imtahana girmək istədi - Nəticələri ləğv olundu

basqasinin-yerine-imtahana-girmek-istedi
Oxunma sayı: 1790

Bu gün ali təhsil müəssisələrinin V ixtisas qrupu üzrə İdman istiqamətinə aid qabiliyyət imtahanında bir nəfər başqasının yerinə imtahana daxil olmağa cəhd edib. 

“Qafqazinfo” xəbər verir ki,  bu barədə Dövlət İmtahan Mərkəzi (DİM) məlumat yayıb.

Bildirilib ki, yoxlama zamanı həmin şəxsin əsl kimliyi müəyyən edilərək imtahana buraxılmayıb.

“Burada hər iki tərəf məsuliyyət daşıyır. İlk növbədə imtahanda iştirak etməli olan şəxsin bütün imtahan nəticələri ləğv olunur və müsabiqədən kənarlaşdırılır. Eyni zamanda başqasının yerinə imtahana girmək istəyənin də hüquqi məsuliyyəti var. Təəssüf ki, bu şəxslər bəzən ali təhsil müəssisələrinin aşağı kurs tələbələri olurlar və nəticədə onlar ali məktəbdən xaric oluna bilərlər.

Daha əvvəl də bu kimi hallara qarşı Dövlət İmtahan Mərkəzi əlaqədar qurumlarla birlikdə müxtəlif tədbirlər həyata keçirib. Ötən illərdə belə qayda pozuntuları ilə bağlı hüquq mühafizə orqanları müvafiq addımlar atıb və aidiyyəti məhkəmələr tərəfindən lazımi qərarlar verilib.

Odur ki, imtahan iştirakçıları belə məsələlərdə öz məsuliyyətini dərk etməli və bu cür qayda pozuntularından çəkinməlidirlər. DİM bir daha vətəndaşlara müraciət edərək, ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu, eləcə də digər imtahanlarla bağlı qanunvericiliyin tələblərinə tam riayət etməyə çağırır. Bu sahədə mövcud qanunvericiliyin tələblərini pozan şəxslərə qarşı müvafiq qurumlar tərəfindən ciddi tədbirlərin görülməsi bundan sonra da davam etdiriləcək”, - məlumatda qeyd olunub.