Azərbaycan Universitetinin XXXII məzun günü keçirildi - Fotolar

azerbaycan-universitetinin-xxxii-mezun-gunu-kecirildi
Oxunma sayı: 383

Azərbaycan Universitetinin XXXII buraxılış məzun günü keçirilib.

“Qafqazinfo” xəbər verir ki, tədbirdə universitet rəhbərliyi, professor-müəllim heyəti, inzibati heyət üzvləri və məzunlar iştirak ediblər.

Tədbirin rəsmi hissəsi dövlət himninin səsləndirilməsi ilə başlayıb. Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçən şəhidlərin, həmçinin universitetin şəhid məzunlarının xatirəsi birdəqiqəlik sükutla yad edilib.

Azərbaycan Universitetinin rektoru, filologiya üzrə fəlsəfə doktoru Səadət Əliyeva təbrik nitqi ilə çıxış edərək, tədbiri açıq elan edib. Rektor qeyd edib ki, məzun günü tələbəlik həyatının başa çatması ilə yanaşı, həm də yeni bir həyat mərhələsinin başlanğıcıdır. Bu gün universitetdən məzun olan gənclər sabah ölkənin müxtəlif sahələrində inkişafın aparıcı qüvvəsinə çevriləcək, onların əldə edəcəkləri hər bir uğur universitet üçün qürur mənbəyi olacaq.

O, rəhbərlik etdiyi ali təhsil müəssisəsinin inzibati və pedaqoji heyətinin bakalavriat və magistratura təhsili dövründə tələbələrin keyfiyyətli, ədalətli və müasir çağırışlarla ayaqlaşan akademik mühitdə təhsil almaları üçün bütün imkanlarını səfərbər etdiyini vurğulayıb. Valideynlərin övladlarının təhsili naminə göstərdikləri dəstək və fədakarlığı yüksək qiymətləndirdiyini bildirib, məzunlara xoş arzularını çatdırıb.

Daha sonra rektorun müşaviri, Beynəlxalq Magistratura və Doktorantura Mərkəzinin direktoru Nüşabə Quliyeva, Humanitar və sosial elmlər fakültəsinin dekanı Səfər Məmmədov, İnformasiya-kommunikasiya texnologiyaları fakültəsinin dekanı Asif Paşayev, Biznes və iqtisadiyyat fakültəsinin dekanı Tural Qocayev, Akademik Məsləhət və Elektron Universitet şöbəsinin müdiri Afiq Nadirov məzunları təbrik edib, onlara təhsilin növbəti pilləsində, şəxsi və iş həyatlarında uğurlar arzulayıblar.

Təbrik nitqlərinin ardından dördillik tələbəlik dövründə ictimai fəallığı ilə seçilən və ümumi orta müvəffəqiyyət göstəricisi yüksək olan 16 məzuna universitetin rektoru Səadət Əliyevanın Fəxri fərmanları təqdim olunub.

Biznes və iqtisadiyyat fakültəsinin Beynəlxalq ticarət və logistika ixtisasının məzunu, eyni zamanda universitetin əməkdaşı olan Şəhriyar Qəribov təhsilini ən yüksək nəticə ilə başa vuraraq Azərbaycan Universitetinin 2025/2026-cı tədris ili üzrə birincisi olub. Adını universitetin tarixinə yazdıran Ş.Qəribov şəklini “Universitetin fəxrləri” lövhəsində yerləşdirib və məzunlar adından çıxış edib. O, çıxışında universitetdə keçirdiyi illərin onun şəxsi və peşəkar inkişafına verdiyi töhfələrdən bəhs edib.

Rəsmi hissənin sonunda məzunların ifasında Azərbaycan Universitetinin himni səsləndirilib. Tədbir bədii hissə ilə yekunlaşıb. 

Qeyd edək ki, Azərbaycan Universitetini bu il bakalavriat və magistratura səviyyələri üzrə 800-ə yaxın məzun bitirir.