Axı mən sənə əl vurmaq istəyirəm...

axi-men-sene-el-vurmaq-isteyirem
Oxunma sayı: 5373

Dünən gecə oğlum mənə elə bir cümlə dedi ki, son vaxtlar oxuduğum bütün psixologiya kitablarından, bütün elmi araşdırmalardan və sosioloji analizlərdən daha dəqiq, daha amansız idi.

Yatmazdan əvvəl ona nağıl oxumalı idim. Özümü yaxşı hiss etmirdim. Ayağa qalxıb rəfdən kitab götürməyə, uşağın çarpayısının yanında oturub nağıl oxumağa nə həvəsim, nə də taqətim vardı. Hər günümüzü sümürən o gündəlik qayğıların, yorğunluğun içində sürət əsrinin təklif etdiyi ən asan yola qaçdım. Telefonu götürdüm. İnternetdən bir nağıl açdım və elə olduğum yerdən, uzaqdan oxumağa başladım.

Bir neçə cümlə keçməmişdi ki, ağlamağa başladı. Səbəbini soruşanda isə bəşəriyyətin texnologiya qarşısında verdiyi ən böyük mənəvi itkinin xülasəsini bircə cümlə ilə üzümə çırpdı: — “Axı mən sənə əl vurmaq istəyirəm... Üzünə işıq düşür, səni görürəm, amma uzaqdasan...”

Onda başa düşdüm ki, problem təkcə telefonda deyilmiş, həm də məsafədəymiş. Eyni evin içində yaşayıb, eyni havanı udub bir-birimizə çata bilməməkdədir.

Biz qulağımızın dibinə dəyən şapalaqların istiliyindən və ya ilıqlığından günahımızın böyüklüyünü ölçə-ölçə, reallığı hər addımda çılpaq şəkildə hiss edərək böyüyən nəslin uşaqları idik. Bu gün isə həmin nəslin nümayəndələri öz uşaqlarını tam fərqli, rəqəmsal və sterilləşdirilmiş qaydalarla böyütməyə çalışırlar. Hər yaş dövrünün psixoloji xüsusiyyətlərini əzbərləyir, inkişaf mərhələlərini öyrənir, terminləri araşdırırlar.

Bugünkü ana bəzən ana olmaqdan çox, cəmiyyətin qarşısında görünməz bir imtahanın iştirakçısına bənzəyir.

Sosial şəbəkələr ona uşağı ilə necə danışacağını diktə edir.

Bloqerlər necə davranmalı olduğunu nümayiş etdirir.

Kouçlar necə hiss etməli olduğunu öyrədir.

Ekspertlər isə hər addımda harada səhv etdiyini üzünə vurur.

Parklarda, küçələrdə eyni mexaniki cümlələri eşidirik: “Oğlum, hisslərini başa düşürəm”, “Qəzəbinə hörmət edirəm”, “Səni çox gözəl anlayıram”... Biz bu süni, robotik mükəmməllik yarışının içində dəridən-qabıqdan çıxa-çıxa ən vacib şeyi gözdən qaçırırıq: insanla insan arasındakı o canlı, səmimi yaxınlığı.

Bu gün dünyanın əsas bəlası diqqət çatışmazlığı deyil. Diqqətin dağılması sadəcə bir əlamətdir. Əsl problem empatiyanın və yaxınlığın zərrə-zərrə itirilməsidir.

Biz artıq anı və zamanı yaşamırıq, biz sadəcə alqoritmlərin bizə təqdim etdiyi dopamin parıltılarını istehlak edirik. Ekranlar bizi məlumatlandırmır, bizi parçalayır, saniyələrə bölür. Sosial şəbəkə lentimiz elə bir vəhşi xaosun içindədir ki, cəmi 47 saniyə ərzində beyin həm bir uşaq qətli xəbərinə baxıb daxilən qan ağlayır, həm bir barmaq hərəkəti ilə növbəti videodakı dəbdəbəli toy rəqsinə keçir, həm də bir az aşağıda hansısa tanınmış adamın linç olunmasına tamaşa edir. Bu amansız vizual bombardman daxilimizdəki o canlı, hiss edən insanı uyuşdurur. Biz artıq real faciələrə belə cəmi on saniyəlik emosiya ayıra bilirik.

Biz uşaqlarımızla daha çox danışırıq, amma onlara daha az toxunuruq. Daha çox şəkillərini çəkirik, amma gözlərinin içinə daha az baxırıq. Onların həyatını şəbəkələrdə daha çox paylaşırıq, amma yanlarında daha az yaşayırıq. Müasir insanın faciəsi sadəcə tənha qalması deyil; müasir insanın ən böyük faciəsi odur ki, ətrafı adamlarla, evləri uşaqlarla dolu ola-ola rəqəmsal bir tənhalığın içində boğulur.

Fransız filosofu Jan Bodriyar yazırdı ki, biz artıq reallığın özünü yox, onun surətini yaşayırıq. Doğrudan da belədir. Nağılın özünü yox, ekran üzərindən ötürülən versiyasını istehlak edirik. Söhbətin özünü yox, mesajını. Qucaqlaşmağın özünü yox, emojisini. İnsan varlığının özünü yox, sadəcə görüntüsünü.

Təsadüfi deyil ki, dünyada texnologiyanı, bu qorxulu alqoritmləri yaradan Silikon Vadisi rəhbərlərinin böyük bir qismi öz uşaqlarını ekranların, planşetlərin tamamilə qadağan olunduğu Waldorf məktəblərinə göndərir. Çünki o canavarı yaradanlar hamımızdan yaxşı bilirlər: İnsan beyni məlumat yığını ilə yox, təmasla formalaşır. İnsan ruhu bu rəqəmsal sürətlə yox, yaxınlığın istiliyi ilə böyüyür.

Biz isə əks istiqamətdə qaçırıq. Daha sürətli olmağa çalışırıq, daha məhsuldar görünməyə çalışırıq, trendlərə ayaq uydurmaq istəyirik. Amma bütün bu qaçışın sonunda hər gün bir az daha uzaq düşürük — bir-birimizdən, özümüzdən, həqiqi həyatdan.
Əgər bu yazını bura qədər, ekranı tələsik aşağı sürüşdürmədən və diqqətiniz yayınmadan oxuya bildinizsə, deməli, alqoritmlərin bizi kölgələrə çevirdiyi bu dünyada içinizdə hələ də hiss edən, dayana bilən o canlı insandan nəsə qalıb. Bu, bu gün üçün kiçik bir qələbədir…

…Bəzən bütün bir dövrün faciəsini, qaranlıq otaqdan boylanan qorxmuş bir uşaq hamımızdan daha dürüst ifadə edir: —  “Axı mən sənə əl vurmaq istəyirəm...”

Nərmin Dadaşova

Xüsusi olaraq “Qafqazinfo” üçün...